Müsahibə

Hacı Əhmədov: “Premyer Liqaya baxdıqda burdakı ab-hava da pis deyil”

Azərbaycan birinci divizionunun 19-cu turunda “Zaqatala” səfərdə “Mil-Muğan”a 1:0 hesabı ilə qalib gəlib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra Zaqatala təmsilçisinin futbolçusu Hacı Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

– Premyer Liqa təcrübəsi olan bir futbolçu kimi hazırda birinci divizionda çıxış edirsiz. Həm təəssüratlarınızı bilmək maraqlı olardı, həm də oyun haqda fikirlərini bildirərdiniz…

– Oyuna ciddi hazırlaşmışdıq. Bilirdik ki, vacib oyunlardan biridir. Çünki bizdən aşağı pillədə olan rəqiblər qələbə qazanmışdı. Biz də mütləq şəkildə qalib gəlməliydik. Məğlub olacağımız təqdirdə, hətta, 6-7-ci pilləyə yuvarlana bilərdik. Futbolçularımız bu oyunun əhəmiyyətini bilirdi. Hamımız qalib gəlmək üçün vuruşduq. Belə meydançada oynamaq çətin olur. Biz süni örtüklü stadiona öyrəşmişdik. Amma şükürlər olsun ki, qələbə qazandıq.

– Son zamanlar “Zaqatala”nın adı Premyer Liqaya yüksələcək komandalar arasında çəkilir. Bu barədə fikrinizi bilmək maraqlı olardı…

– Premyer Liqada oynamış təcrübəli oyunçularımız var. İstəyirik ki, Premyer Liqaya yüksələk. Biz sırf yer tutub elitaya yüksəlmək istəyirik.

– “Qarabağ”ın heyətində Avropa Liqasının qrup mərhələsində çıxış etmiş futbolçusuz. Hazırda birinci divizionda oynamaq sizə necə təsir edir? Bunu karyeranızda eniş hesab edirsinizmi?

– Bunu eniş hesab etməzdim. Bura da pis deyil. Burada da maraqlı mübarizə gedir. Artıq burada çempionluq uğrunda 4-5 komanda mübarizə aparır. Premyer Liqaya baxdıqda burdakı ab-hava da pis deyil.

– “Zaqatala”nın Premyer Liqaya yüksəlməsində problem yaşanacaqsa, sizin yenidən PL-ə qayıtmaq iddianız varmı?

– Onu zaman göstərər.

– Hazırkı durumuna görə “Zaqatala” PL-də  hansı yerlərə iddia edə bilər?

– Hər bir klub kimi, biz də çalışacağıq ki, avrokuboklara vəsiqə qazanaq. 2, 3, 4-cü yerlər uğrunda mübarizə aparmağa çalışacağıq. Hətta əlimizdən gələni edəcəyik ki, çempion da olaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43