“Çox böyük, Azərbaycan futbolunun gələcək inkişafına töhfə verəcək bir layihəmiz var. Plan belədir ki, 14-15 yaşlı futbolçular arasında seçim aparılacaq. 40 futbolçu seçiləcək. Sonradan seçilənlər arasında da ən yaxşı 20 nəfəri müəyyənləşdirəcəyik. Həmin 20 futbolçu yollanacaq Madridə. 2020-ci ilə qədər Madriddə hazırlıq keçəcəklər, eyni zamanda məşhur universitetlərdə ali təhsil alacaqlar. 2020-ci ildə isə həmin futbolçular ispanlarla eyni səviyyədə olacaqlar. Belə bir layihənin reallaşmasını kim istəməz? Bu layihə Gənclər və İdman Nazirliyi və AFFA ilə birgə həyata keçiriləcək. Layihədə birbaşa iştirak edəcəklər. Planın maddi tərəfini biz ödəyəcəyik. Təxminən 2 ay sonra seçimlər başlanacaq”.
İdmanxeber.com futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri “Bakı”nın prezidenti Hafiz Məmmədov deyib.
Paytaxt klubunun rəhbəri “Bakı”nı gələn il Premyer Liqada görə biləcəyikmi?” sualına belə cavab verib:
“Əlbəttə. Amma bu dəfə ayrı “Bakı” görəcəklər. Avropamodelli “Bakı”. Komandada çalışanların böyük əksəriyyəti ispanlar olacaq. Maliyyəni biz verəcəyik, amma klubu onlar idarə edəcək”.