16 Yanvar 2025
Ölkə futbolu

“Hakan Çalhanoğlu ilə səmimi söhbətimiz oldu” – Vüsal İsgəndərli

“Oyun çox maraqlı keçdi. Stadion tamamən dolu idi. “İnter”dən də, bizdən də azarkeşlər vardı. Hər şey yaxşı keçdi, bizim üçün maraqlı təcrübə oldu”.

Bu sözləri idmanxeber.az saytına Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Vüsal İsgəndərli yoxlama görüşü çərçivəsində İtaliya “İnter”inə qarşı keçirilən oyun (2:4) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Avropa nəhənginə, Çempionlar Liqasının son finalçısına qarşı oynamaq maraqlı idi. Həqiqətən də fərq hiss olunurdu. Başqa səviyyədirlər. Bunu etiraf etmək lazımdır. Hamısını örnək götürə bilərik, heyətlərində zəif oyunçu yoxdur. Amma xüsusi olaraq Lautaro Martineslə Nikolo Barellanı vurğulamaq istəyərdim. Adamların topa toxunuşlarından belə ulduz olduqları görünür. Ona görə də bu qiymətlərə oynayırlar. Hakan Çalhanoğlu ilə də görüşdüm, ayaqüstü söhbətimiz oldu. Azərbaycanlı olduğumu bildi. Səmimi söhbət elədik. 

Çox şükür ki, zədəsiz bir matçı geridə qoyduq. Oyuna əsas heyətdə başlamamağıma gəlincə, məşqçinin qərarı belə oldu. Bu səfər fərqli sistemdə oynatmaq istədi komandanı. Diqqət etsəniz, digər görüşlərin hamısında meydana əsas heyətdə çıxmışam”.

İsgəndərli “Eqnatiya”nın cari mövsümkü hədəflərindən danışıb. O, komandanın avrokuboklarla erkən vidlaşmasından da söz açıb:

“Ararat”a qarşı görüşdə bəxtimiz gətirmədi. İki oyun da heç-heçə bitdi və penaltilərdə məğlub olduq. Mövsümə tam hazır olmasaq da, çempionat başlayandan sonra yavaş-yavaş formaya düşəcəyik. Hədəfimiz yenidən avrokuboklar və çempionluqdur. Rəhbərlik tərəfindən bizdən tələb olunan budur”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43