Ölkə futbolu

“Hakim VAR-a baxsaydı, “qırmızı” göstərərdi” – “Zirə”nin kapitanı

“Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissəni istədiyimiz kimi keçirdik. Yaxşı hücumlarımız oldu. Son zərəbələrdə dəqiq oynaya bilmədik. “Sabah”ın hücumda çox keyfiyyətli futbolçuları var. Əllərinə düşən fürsətlərdən maksimum yararlandılar”.

Bu sözləri idmanxeber.az saytına “Zirə”nin kapitanı Qismət Alıyev “Sabah” məğlubiyyəti (0:2) barədə danışarkən deyib. O, görüşdəki hakim idarəçiliyinə də toxunub:

“Əslində, hakimlər barəsində çox danışmaq istəmirəm. Amin Seydiyevin iki epizodu var. Oyunda tam dəqiq görünməsə də, sonradan izləmək fürsətim oldu. Məncə, qırmızı vərəqə verilməydi. Hakim özü gedib VAR-a baxsaydı, bəlkə də “qırmızı” göstərərdi”.

Alıyev “Zirə”nin yaxşı oyun sərgilədiyini, bəzən xırda səhvlərin onlara baha başa gəldiyini vurğulayıb:

“Çalışırıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Oyunlarda xal itirsək də, doğru yoldayıq. Komanda şəklində daha da yaxşı olacağıq. Qarşıdakı görüşlərdə fərqli çıxış etməliyik.

Oyunlara baxsaq, bəzən xırda səhv edən kimi qapımızda qol görürük. Özümüzdə bunu fərqindəyik. Baş məşqçi də hər dəfə bunu bizə deyir. Çalışırıq ki, bir daha təkrarlamayaq o səhvləri”.

26 yaşlı futbolçu “Zirə”nin avrokubok iddiasının davam etdiyini də bildirib:

“Konfrans Liqasına vəsiqə qazanmaq öz əlimizdədir. Olduğumuz mövqeyi qorumağımız lazımdır. Avrokuboklara getmək istəyiriksə, hər oyuna final kimi hazırlaşmalıyıq”.

O, Azərbaycan millisinin qarşıdakı AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçirəcəyi Avstriya və İsveç görüşlərində forma geyinmək istədiyini açıqlayıb:

“Bütün futbolçular kimi mən də yığmada oynamaq istəyirəm. Bu, hamımız üçün böyük qürurdur. Digər oyunçular kimi mən də Canni De Byazidən dəvət gözləyirəm”.

Həsən Qulzuadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43