24 Noyabr 2024
Ölkə futbolu

Hakimlərin “Kəpəz”ə qarşı qərəzi, ya səhvi?

“Kəpəz”in son turlardakı hakim qərarlarından narazılığını diqqətinizə çatdırmışdıq. Gəncə təmsilçisi mütəmadi olaraq sosial şəbəkə hesabından bununla bağlı paylaşımlar edir. Epizodlara və “Kəpəz”in son matçlarındakı hakim qərarlarına baxanda “sarı-göylər”in haqlı olduğunu görmək olur.

Hələ Premyer Liqanın X turunda “Kəpəz” – “Qarabağ” matçında baş verənlər unudulmayıb. Sözügedən oyunda Ağdam klubunun yarımmüdafiəçisi Julio Romao rəqibinə idmanın karate növündə rast gəlinən zərbə vursa da, hakim bu epizodu görməzdən gəldi. VAR da bu sərt müdaxiləyə qarşı səsini çıxarmadı. Elə həmin görüşdə Gəncə təmsilçisinin təmiz qolu da hesaba alınmadı. Top qapı xəttini keçməsinə baxmayaraq, nə orta hakim, nə də yan xətt hakimi mərkəzi göstərmədi. 

“Kəpəz” əleyhinə nəticəyə təsir edən hakim səhvləri Premyer Liqanın XI turunda da davam etdi. “Turan Tovuz”la matçda baş hakim Rauf Allahverdiyevin biabırçı performansı Gəncə klubunun xal və ya xallar qazanmasına əngəl törətdi. Matçda verilməyən penalti, yalnış foullar gözdən qaçmadı. Açıq şəkildə oyunun nəticəsinə təsir edən hakim performansı hazırda “Kəpəz” daxilində və eləcə də ictimaiyyətdə ciddi narahatlıq doğurur.

Bu kimi hallar çempionatın şəffaflığına, ədalət prinsipinə ciddi xələl gətirir. Hansı klubun zəif və ya güclü olması yalnız meydandakı nəticəyə görə bəlirlənməlidi. Ortada qərəz və ya başqa halların olması rəqabət prinsipinə mənfi təsir edər ki, bu da birbaşa ölkə futbolunun zərərinə olar. Bəli, “Kəpəz” sponsoru, stadionu olmayan, çətin şəraitdə mübarizə aparan klubdu. Ancaq bu, onlara qarşı antipatiya yaranmasına səbəb olmamalıdı. 

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43