19 Oktyabr 2024
Ölkə futbolu

“Hamı uzun illərdir ki, pley-offa çıxmağımızı gözləyir” – Bədavi Hüseynov

“Qəbələ” yaxşı komandadıdr, yaxşı əks-hücumlara çıxır. Son “Turan-Tovuz”la matçda da onların güclü tərəflərini gördük. Buna çox ciddi hazırlaşmışdıq. Norveçdən sonra bir az yorğunluq var idi. Uzun yol qət etmişdik, orada çox emosiya verdik.Amma baş məşqçinin tapşırıqlarını yerinə yetirdik, yaxşı pressinq etdik və layiqli qələbə qazandıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Premyer Liqanın son turunda qazanılan “Qəbələ” matçı (3:0) barədə danışarkən deyib. O, daha sonra qarşıdakı oyunlarla bağlı İdmanxeber.az saytına müsahibə verib:

– Mövsümün əvvəlində birinci sırada olmasınız da, artıq liderliyi ələ keçirmisiniz. Bu haqda nə deyərdin?

– Mövsüm hələ uzundur, indidən nəsə deməyək. Çox komanda xallar itirəcək. Lakin biz hər oyuna məsuliyyətlə yanaşmalıyıq. Çünki biz iki cəbhədə oynayırıq və bizim üçün çətindir. Hər oyuna sonuncu kimi yanaşırıq. Kadr problemimiz var. Kevin Medina sıradan çıxdı. Bu isə bizim üçün böyük itkidir. Düzdür, onu əvəzləyəcək oyunçularımız var. Uşaqlar yaxşı hazırlaşır.

– Kevin Medinanın zədələnməsinin ardından hamı əsas heyətdə sənin yer alacağını düşünür…

– Bizim iki heyətimiz oynamağa, istənilən oyunçunu əvəz etməyə hazırdır. Kevin komandamızın liderlərindən biridir. Əlbəttə ki, onun yoxluğu bizim üçün itkidir. Lakin dediyim kimi, onu əvəzləyəcək oyunçumuz da var. Qarşıda oyunlar çoxdur. Müdafiədə böyük problemlərimizin olacağına inanmıram.

– Ölkə kuboku ilə bərabər üç cəbhədə mübarizə aparırsınız. Bu yarışlarda hara qədər gedə biləcəksiniz?

– Birinci il deyil ki, belədir. Demək olar ki, hər il üç cəbhədə oynayırıq. Bərpa üçün aza vaxtımız olacaq. Amma bu bizim işimizdir, hazırlaşmalıyıq. Beş vacib oyunumuz qalıb. Yaxşı oyun göstərib, fasiləyə yaxş əhval-ruhiyyədə yollanmaq istəyirik.

– Bakıda “Hakken”lə finala bərabər oyuna çıxacaqsınız. Bu görüş barədə nə deyə bilərsən?

– Bəli, çox vacib oyundur. Bütün azarkeşlər bu oyunda bizdən yaxşı nəticə gözləyir. Yaxşı oyun göstərib, uğurlu nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik. Qarşıda bizim “Sumqayıt”la oyunumuz var. “Hakken”lə oyuna yaxşı formada çıxacağımızı düşünürəm. Həmin görüşdə qalib gəlmək istəyirik.

– “Molde”yə son dəqiqələrdə vurulan qol “Qarabağ”ın ilk dəfə Avropa Liqasının pley-off mərhələsinə çıxması üçün dönüş nöqtəsi olacaq?

– Ola bilər. Biz də istəyirik. Artıq hamı uzun illərdir ki, gözləyir. Biz özümüz də pley-off mərhələsinə çıxmağı çox istəyirik. Mövsümə yaxşı başlamışdıq, “Bayer”lə layiqli oyun göstərmişdik. “Molde” ilə oyun çətin idi. Çünki hava şəraitini nəzərə almaq lazımdır. Amma belə, qrup mərhələsini yaxşı notlarla başa vurmaq niyyətindəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43