Kateqoriyasız

“Hamı Xəzər Lənkəran”a həsəd aparırdı” – Mirça Rednik

Azərbaycana gəlib-getmiş ən yaddaqalan məşqçilərin başında bəlkə də Mirça Rednik dayanır.

İdmanxeber.az-ın məlumatına görə, “Xəzər Lənkəran”ı çalışdırmağa başladığı gündən formalaşdırdığı güclü kollektivlə əzəli rəqib “Neftçi”yə boy verən rumıniyalı çalışdırıcı şəxsi keyfiyyətləri və maraqlı açıqlamaları ilə gündəm olmağı bacarmışdı.

Xüsusən Böyükağa Hacıyevlə “atışmaları” könülləri oxşayırdı.

Yerli futbolçularla yaranmış qalmaqala görə Rednik çoxlarının gözləmədiyi anda “Xəzər Lənkəran”dan göndərildi və bundan sonra komandanın qara günlərdi başladı.

Bu il 60 yaşını tamamlayacaq mütəxəssislə söhbətimiz hələ Azərbaycanda çalışdığı dönəmdə kifayət qədər maraqlı alınırdı.

Ağlındakıları çəkinmədən dilinə gətirir, mən də şikarını gözləyən ovçu kimi dediklərini nöqtəbənöqtə oxuculara çatdırırdım. Hər açıqlaması manşet olurdu.

Üstündən 11 il keçməsinə baxmayaraq, Rednik qəti dəyişməyib. Həmin adamdır. Danışmağı sevən və bacaran.

İnanmırsınız? O zaman oxuyun.

– Salam. Necəsiniz? 10-11 ildən sonra səsinizi eşitmək xoş oldu.
– Yaxşıyam, dostum. Rumıniyadayam, Buxarestdə. 11 il oldu? Vaxt nə tez ötüb-keçir?

– Buxarest “Dinamo”sundan ayrılmısınız deyəsən.
– Hə, yollarımız ayrıldı. Bir az problemlər oldu, anlaşa bilmədik. Hazırda işsizəm, təkliflərə baxıram.

– Belçikada yaşayırsınız xatırladığım qədərilə. Nə əcəb Buxarestdəsiniz?
– Elədir. Ailəm, övladlarım Belçikada yaşayır. Bildiyin kimi, ikili vətəndaşlığım var. Bəzi məsələlərə görə hələ ki, buradayam. 2-3 günə Belçikaya qayıdacağam. Sən de görüm, mənim komandama nə oldu? İzləyirəm, “Xəzər Lənkəran” aşağı liqada mübarizə aparır indi. O cür futbol şəhəri, möhtəşəm azarkeşlər, ab-hava. Bu komandanın aşağı liqada nə işi var axı?

– “Xəzər Lənkəran” yoxdur ki. Klub fəaliyyətini 6 il əvvəl dayandırıb. Sizin dediyiniz Lənkəranı təmsil edən “Xan Lənkəran”dır.
– Eh, eh… O cür klub məhv olub getdi. Azərbaycanın ən böyük azarkeş kütləsinə malik komandaydı. Hamı həsəd aparırdı “Xəzər Lənkəran”a. Futbol da həyat kimidir, bu gün varsan, sabah yox.

– Tək azarkeşlər yox, biz jurnalistlər də darıxmışıq sizin üçün. Maraqlı açıqlamalarınız, texniki zonadakı hərəkətləriniz, futbola qatdığınız xüsusi dad maraqlı idi.
– Bəzən Lənkəranın “Puyol”u Adrian Skarlatake ilə danışırdım. Məndən sonra Skarla bir neçə il Azərbaycanda oynadı axı. Daim ondan soruşurdum, maraqlanırdım. O da deyirdi ki, azərbaycanlılar, lənkəranlılar sizin üçün darıxır. Kuboku qazandıq, gümüş medallara sahib olduq, ikinci mövsümdə yenə uğura doğru gedirdik. Yaxşı işlər görürdük, gözəl günlər idi.

-“Neftçi” ilə unudulmaz oyunlar, mübahisələr, davalar…
– (qəhqəhə ilə gülür) Hə, “Neftçi”, “Neftçi”…. Dəhşətli dərəcədə maraqlı alınırdı onlarla oyunlarımız. İndi baxıram “Qarabağ”a batan yoxdur.

– Elədir, çox güclü komandadır.
– Elə də olmalıdır. Çünki klubda və komandada sabitlik var. Köklü dəyişikliklərə getmirlər, büdcəni sabit saxlayırlar və ən əsası, rəhbərliklə baş məşqçi bir-birini yaxşı başa düşür. Futbolda bu, çox vacib amildir. Yenə həmin məşqçidir “Qarabağ”da?

– Bəli, Qurban Qurbanov.
– Qurbanov, hə-hə, Qurbanov. Mən “Xəzər Lənkəran”a gələndə də “Qarabağ”da idi. Neçə ildir “Qarabağ”ı çalışdırır?

– 14-cü ildir.
– Bu gedişlə Aleks Ferqusonun “Mançester Yunayted”dəki rekordunu qıracaq (gülür). Sabitlik və rəhbərliklə anlaşma çox önəmlidir. Görünür, heç kim Qurbanovun işinə qarışmır. Baş məşqçi hər mənada fəlsəfəsini ortaya qoyur. Görürsən, “Qarabağ” adı artıq Avropada dillərdə gəzir. Nəticələri izləyirəm, hər il avrokubokların qrup mərhələsində oynayırlar, güclü rəqiblərlə qarşılaşırlar. Çempionlar Liqasının qrupunda oynamaq zarafat deyil.

– Buradan gedəndən sonra Azərbaycan klublarından təklif almadınız?
– “Keşlə” ilə ciddi söhbətimiz olmuşdu. Lakin həmin vaxt Belçika klubu ilə müqaviləm var idi deyə, alınmamışdı. Mən “Xəzər Lənkəran”ı çalışdıranda maliyyə ilə bağlı problem yox idi. Bir neçə il əvvəl eşitdim ki, klubların büdcələri xeyli zəifləyib, aparıcı klubların bir neçəsi tarixin yaddaşına qovuşub. İndi vəziyyət düzəlib deyəsən. Məndən sonra yeni nə qədər stadion tikilib Azərbaycanda. De görüm, Bakı – Lənkəran avtobanını tikib qurtardılar?

– Çoxdan. 2 saatyarım, uzağı 3 saata Lənkərandasan.
– Eh, o vaxt yolun hazır olmasını həsrətlə gözləyirdim. Qismət olmadı görmək. Yazarsan ki, avtoban hazırdırsa, lənkəranlılar da məni istəyirsə, gəlirəm (gülür).

– Region Liqasında mübarizə aparan “Xan Lənkəran”dan az maaş müqabilində təklif gəlsə, dəyərləndirərsiniz?
– Birinci il pulsuz işləyərəm, 1 dollar da lazım deyil. Sonrakı vəziyyətə baxarıq. “Xəzər Lənkəran” və Lənkəran mənə çox şey verib. Gözəl həyat, xaricdə təcrübə, əla dostlar, motivasiya – hər şey verib mənə. Ona görə də çətin vəziyyətdə şəhərin və komandanın yanında olmaq borcumdur. Ara-sıra Tuyğun Nadirovla mesajlaşırıq, bayramlaşırıq (“Xəzər Lənkəran”ın sabiq vitse-prezidenti).

– Onların adını çəkməsək yaxşıdır.
– Mais Mənsimov Azərbaycandadır, yoxsa Mübariz bəyin yanında?

– Lütfən, başqa adlardan danışaq. O qədər maraqlı mövzular var toxunmağa.
– (gülür) Başa düşdüm səni. Suallarını ver, cavablandırım.

– “Xəzər Lənkəran”da işlər qaydasında gedirdi. Sevilirdiniz, yaxşı kollektiv qurmuşdunuz. Ayrılığınızın əsl səbəbi nə oldu?
– Yerli futbolçularla problem yarandı, söhbət uzandı və yekunda komandanı baş məşqçinin tərk etməli olduğunu məqsədəuyğun saydılar.

– Hansı futbolçularla?
– Bəziləri var idi.

– Kamran Ağayev, Elnur Allahverdiyev…
– Elnur yox, Elnur yox. Kamran hə.

– Nə baş vermişdi? Mübahisə, qalmaqal haradan başlamışdı?
– Avstriyadakı toplanışdan…

– Söhbət açılıb, lütfən, ətraflı danışın, bilək.
– Kamran o dönəmdə Azərbaycanda böyük ad sahibi idi. Səviyyəli qapıçı idi, millinin əvəzolunmaz futbolçusu sayılırdı və ən əsası, klubun prezidenti Mais Mənsimovla çox yaxşı münasibəti vardı. Avstriya toplanışında aramızda müəyyən mübahisə yarandı və bundan sonra komandanın yerli futbolçularında özümə qarşı soyuqluq hiss etməyə başladım.

– Nə üstündə düşdü mübahisə?
– Mübahisə də deməzdim. Sadəcə, nəsə Kamranın xoşuna gəlməmişdi və buna görə anlaşılmazlıq yaranmışdı. Futbolda olan şeylərdir. Futbolçularla məşqçilər arasında o qədər söz-söhbət olub ki… Mənə ən çox təsir edən rəhbərlikdən özümə qarşı gördüyüm münasibət oldu.

– Komandadan uzaqlaşdırılmağınız?
– Eynən. O cür komanda formalaşdırmışdıq, kubok qazanmışdıq, 2-ci pillədə gedirdik, gözləmədiyim anda Mais Mənsimov mənə qapını göstərdi. Halbuki, bu cür hallarda klubdakı əsas söz sahibləri məşqçinin yanında olur, ən pis halda vəziyyəti sabitləşdirməyə çalışır. Bu şey “Qarabağ”da olsaydı, orada futbolçunu göndərib, Qurban Qurbanovu saxlayardılar. Məni yola salıb Mustafa Denizlini gətirdilər. Məndən 10 qat artıq pul verdilər ona. Nəticə olaraq heç nə vermədi və getdi.

– Nə deyib yola saldılar sizi?
– Dostum, bu mövzunu bağlayaq. Üstündən dediyin kimi, 10-11 il vaxt ötüb. Danışdıqca pis şeylər yadıma düşür, amma mən bunu istəmirəm. Çünki Lənkəran futbolundan danışırıqsa, mütləq şən əhval-ruhiyyədə olmalıyıq. Rednik oradadır, ya yox – fərq etməz. Vacib olan odur ki, bu gün Premyer Liqadakı komandaların adlarına nəzər salanda “Xəzər Lənkəran”ı görmürəm. Mənə ən pis təsir edən budur. Çünki mən də bu komandanın azarkeşlərindən biriyəm.

– Böyükağa Hacıyevi xatırlayırsınız?
– (düşünür)

– “Neftçi”nin sabiq baş məşqçisi, mətbuat vasitəsilə tez-tez “atışdığınız” həmkarınız.
– Hə-hə, yadımdadır. Maraqlı insan idi. İndi hansı komandadadır?

– 2018-ci ilin martında dünyasını dəyişdi.
– Vay, nə danışırsan? Doğrudan? Nə baş verdi?

– Uzun sürən xəstəlikdən sonra vəfat etdi.
– Çox pis xəbər oldu. Yaxşı və maraqlı kişi idi. Allah rəhmət eləsin! Mənim adımdan ailəsinə “Keçmiş olsun” deyərsən, lütfən.

– Papağınız hanı?
– Hansı papaq?

– “Neftçi”ylə Respublika stadionundakı oyunda Anar Salmanovun qərarlarına etiraz olaraq yerə çırpdığınız papaq.
– (gülür) O da yadında qalıb? Papağın harada olduğunu sözün düzü bilmirəm. Amma həmin oyun çox maraqlı keçmişdi. Həm də yekunda biz qalib gəlmişdik. Düz demirəm?

– Bəli. Ölkə kubokunun qarşılaşması idi. 4:3 hesabı ilə qalib gəlmişdiniz.
– Mamma mia. Dəhşətli dərəcədə möhtəşəm oyun olmuşdu. Demək ki, Azərbaycanda hələ də xatırlanır. Bilirsən niyə? Çünki o vaxt “Neftçi” qarşısıalınmaz idi, çox yaxşı heyətə malik idi. Bəzən hakimlər də kömək edirdi onlara. Amma biz onları məğlub edib, kuboku qazanmışdıq.

– Həqiqətən hakimlər “Neftçi”ni çempionluğa dartırdı?
– İnsanların niyyətini bilmək olmur. Sadəcə, bəzən elə səhvlərə yol verirdilər ki, başqa səbəb axtarmaq mümkün deyildi. Amma dərindən düşünəndə görürsən ki, derbilər hər zaman hakim səhvləri ilə yadda qalır. Burada da elədir, “Dinamo” ilə “Styaua” oynayanda hakimliklə bağlı mütləq nəsə baş verir. Çox güman, referilərin böyük əksəriyyəti psixoloji yükün altından çıxa bilmir. Ona görə də konkret nəsə demək çətindir. Hər kəs öz əməlinə görə vicdanı qarşısında cavab verməlidir.

– Sizi sevdirən cəhətiniz həm də bazada çalışan xidmətçilərə, mühafizəçilərə və digər işçilərə maddi yardım etməyiniz, it və pişikləri qidalandırmağınız idi.
– Bu, mənim filosofiyamdır. Daha doğrusu, etməyə borclu olduğum əməllərdir. Bu gün mən yaxşı pul qazanıramsa, komandam uğurlu çıxış edirsə, ailəmin üzü gülürsə, bu paydan mütləq imkansızlara da düşməlidir. Hamısını özüm yeməli deyiləm. Bilirdim ki, bazada işləyən insanların maddi durumu yaxşı deyil. Birinin evində xəstəsi var, o birinin əri yoxdur, bir başqası 5 uşaq böyüdür. Ona görə də qələbə qazananda daim onlara yardım etməyə çalışırdım. Bunu kiminsə yox, Allahın qarşısında edirdim. Mən kiməsə əl tutmasam, Allah da mənə verməz. Onların üzündəki sevinci görəndə sanki mənə dünyanı verirdilər.

-“Xəzər Lənkəran”dakı maaşınızın məbləği çox böyük idi, yoxsa çox-çox böyük?
– Çox-çox böyük Mustafa Denizlidə idi, məndə normal idi (gülür).

– İllik 300 min dollar alırdınız səhv etmirəmsə.
– Təxminən elə. 250-300 min dollar arası. Məndən sonra Denizli gəlib, nəticə yox, ilinə 2 milyon qazandı (gülür).

– Azərbaycanda çalışmaq həvəsinizi gizlətmirsiniz. Amma indi həmin 250-300 minlər yoxdur.
– Dedim axı, Lənkəran futboluna və lənkəranlı azarkeşlərə görə 1 il pulsuz işləyəcəyəm. Öz işimi, əməyimi, zəhmətimi onlara üçün hədiyyə edəcəm. Başqa klublarla maaş söhbəti edərəm, amma Lənkəran klubu ilə yox.

– Bu dərəcədə böyük sevgi?
– Mən dediyim sözün ağasıyam. Qulaq as, mənim böyük biznesim var. İndiyə qədər Rumıniyada və Belçikada kifayət qədər pul qazanıb, özüm və övladlarım üçün lazım olan şəraiti qurmuşam. Bu gün istədiyim tək şey sevildiyim yerdə sevdiyim işlə məşğul olmaqdır. Nəticə qazanmaq, 100 minlərlə azarkeşləri sevindirmək istəyirəm. Bilsəm ki, Lənkəranın komandasının Premyer Liqaya yüksəlmək şansı və imkanı var, günü sabah Azərbaycana uçub, işimə başlayaram.

– “Xan Lənkəran” rəhbərliyi böyük futbolu Lənkərana qaytarmaq üçün çalışır.
– Səni inandırım, ortaya maraqlı layihə qoyulsa və sırf futbolu düşünməklə ciddi addımlar atılsa, Lənkəran futbolu üçün sponsorlar tapılacaq. Buna 100 faiz əminəm. Çünki lənkəranlılar futbolu çox sevir. Əsas olan futbolun inkişafını düşünərək işə vicdanla yanaşmaqdır.

– Yekunda demək istədiyiniz nələrsə var?
– Mənə gözəl illər bəxş edən Azərbaycan və Lənkəran futboluna təşəkkür etmək istəyirəm. Mirçanı unutmayan, həmişə ona hörmətlə yanaşan, həmişə xoş xatirələrlə xatırlayan hər bir insana minnətdarlığımı bildirirəm. Bilirəm, onlar məni sevir, bilsinlər ki, mən də onları sevirəm. Allah xalqınızı qorusun! Sağlıq olsun, bir gün yenə Lənkəran komandasının baş məşqçisi kimi görüşərik. Yəqin ki, bu, yaxın gələcəkdə baş verəcək (sportinfo.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43