22 Fevral 2025
Ölkə futbolu

“Hansı komanda “qırmızı” alırsa, vaxt aparmağa başlayır” – Ayxan Hüseynov 

“Turan Tovuz”un futbolçusu Ayxan hüseynov İdmanxeber.az saytına müsahibə verib.

– “Araz Naxçıvan” oyununda rəqib azlıqda qalsa da, çətin qələbə qazandınız. Görüşü necə şərh edirsən?

Çox vacib qələbə idi. Bilirdik ki, çətin oyun olacaq. İki oyundur qələbə qazana bilmirdik. Ona görə də bu matçda qalib gəlmək istəyirdik. Bəlkə də kimsə düşünür ki, rəqib qırmızı vərəqə aldıqdan sonra oyun daha asan oldu. Xeyr, qətiyyən belə deyildi. Çünki onlar ancaq müdafiə olunmağı düşünürdü. Çox şükür, standart vəziyyətdən yaxşı istifadə etdik və qələbə qazana bildik.

– Rəqibin azlıqda qalmasından sonra oyunun asan keçməməsini nəyə bağlayırsan? Sanki “Araz Naxçıvan”lı futbolçular çox vaxt aparırdı.

Məncə, bunlar normaldı. Futbolda hansı komanda “qırmızı” alırsa, vaxt aparmağa başlayır. Ən azı bir xal qazanmaq istəyirlər. “Araz Naxçıvan” da hesabı  qorumaq üçün sıx müdafiə olunurdu. Biz də bunu bilirdik. Bu cür oyunlarda standart vəziyyətlər ancaq kömək edə bilər. Elə qolu da künc zərbəsindən sonra vurduq. 

– “Sabah” oyunundan sonra azarkeşlərin hakimlərə qarşı sərt etitrazı var idi. Ümumiyyətlə, özünüzə qarşı ədalətsizlik hiss edirsiniz?

Hakimlər barəsində danışmaq çox çətindi. Çünki bəzən elə epizodlar olur ki, baxıb qayda pozuntusu olduğunu deyirsən. Amma sonra soyuq başla yenidən izləyəndə bir az fərqli düşünürsən. Hakimlərin qərarları barədə danışmaq istəmirəm. Hamımız insanıq, səhv edə bilərik. Məncə, hər hansı bir ədalətsizlik yoxdur.  Hə, bəzi epizdolarda bizim lehimizə foul olmalı idi. Ancaq hakim verməsidə, oynamağa davam etməliyik. 

– Ötən mövsümlə müqayisədə az forma şansı qazanırsan. Bunun səbəbi nədir?

Bu barədə nə deyə bilərəm ki? Mən həmişə çalışıram, məşq edirəm. Özümü yüz faz hazır hiss edirəm. Oynayıb-oynamamağım məşqçinin qərarıdı. Hər oyunçu start heyətdə başlamaq istəyir. Bu barədə Kurban Berdiyevlə danışırıq, söhbətimiz olur. Deyir ki, güclü tərəflərin var, ancaq artırmaq lazımdı. Mən açığı, ciddi narazılıq göstərmirəm. Çalışmaq lazımdı. 

– Ehtiyatda qalmağından narazı olduğun üçün “Turan Tovuz”dan ayrılmaq istədiyin də iddia edilirdi.

Xeyr, belə bir şey yoxdu. Yalan söhbətdi.

– Qarşıdan millinin toplanışı gəlir. Ötən mövsüm  daha çox oynasan da, yığmaya dəvət almırdım. Yəqin ki, indi də Fernandu Santuşdan dəvət gözləmirsən…

Yığmaya düşmək üçün oynamaq lazımdır. Davamlı start heyətdə olmalısan, yaxşı performans göstərməlisən. Hələlik məndə alınmır. Açıq dəvət almağı istəyərəm, amma çağırılacağıma inanmıram. 

– Növbəti tur “Şamaxı” ilə səfər matçınız var. Bu oyun barəsində nə deyə bilərsən?

Əlbəttə, çətin görüşdü. Premyer Liqada heç bir oyun asan keçmir. Bütün rəqiblər meydana xal qazanmaq üçün çıxır. Şamaxı səfəri də çətin olacaq. Onlar da yaxşı komandadı, yaxşı mübarizə aparırlar. Biz meydana qələbə üçün çıxacağıq.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43