Kateqoriyasız

“Harada və necə yoluxduğumu bilmirəm” – “Qarabağ”ın futbolçusu

“Artıq bir həftəyə yaxındır ki, Bakıdayam. Son testim mənfi oldu və dekabrın 17-si İstanbuldan qayıtdım”.

İdmanxeber.az-ın məlumatına görə, fikirləri “Qarabağ”ın futbolçusu Abbas Hüseynov deyib.

Koronavirusdan sağalan 25 yaşlı müdafiəçi xəstəliyin ilk günlərində özünü yaxşı hiss etmədiyini bildirib: “Dekabrın 1-də Türkiyədə test vermişdim. Harada və necə yoluxduğumu bilmirəm.

Sadəcə, ilk günlər bədənimdə və belimdə ağrılar hiss edirdim, temperaturum qalxmışdı. Demək olar ki, koronavirusla bağlı bütün simptomlar məndə var idi, amma indi sağalmışam və özümü yaxşı hiss edirəm”.

Hüseynov hələ ki fərdi şəkildə məşqlər etdiyini və sabah Premyer Liqanın XIII turunda “Zirə” ilə matçda oynaya bilməyəcəyini söyləyib (report).

Abbas Hüseynovun testi dekabrın 2-də Avropa Liqasının qrup mərhələsinin V turunda “Makkabi” (Tel-Əviv) ilə oyundan öncə müsbət olub.

Müdafiəçi qarşılaşmadan əvvəl zədə ilə bağlı Türkiyədə reabilitasiya keçirdi. İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda baş tutan “Qarabağ” – “Makkabi” görüşü 1:1 hesabı ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43