Ölkə futbolu

“Hazırda bu məqamdan çox uzağıq” – “Şamaxı”nın futbolçusu

“Bizim üçün olduqca vacib oyun idi. Qələbə qazanmaq istəyirdik. “Turan Tovuz” dişimizə görə rəqib idi. Ancaq şansızlıq və ya imkanlardan  yararlana bilməməyimiz uduzmağımıza səbəb oldu. Rəqib bir imkandan istifadə etdi və qələbə qazandı”.

Bu sözləri idmanxeber.az saytına “Şamaxı”nın futbolçusu Əli Səmədov “Turan Tovuz” oyunu barədə danışarkən deyib. 25 yaşlı futbolçu komandanın Premyer Liqada qeyri-stabil çıxış etməsindən və çempionatdakı hədəflərindən söz açıb:

“Hər keçən oyun bir az daha artırıq. Bunu məşqçilər heyəti də davamlı deyir. Futbolda qələbə də, məğlubiyyət də var. Bilirsiniz ki, bizdə ancaq yerli futbolçulardır. Legioner oyunçularımız yoxdur. Bunu mənfi hal kimi qeyd etmək olar. Çünki rəqiblərimizin hamısında legionerlər var. Onların köməyi çox olur. Ancaq “Şamaxı”nın özünün strategiyası var, sırf yerli futbolçular olmalıdır. Məncə, bizdə pis alınmır. Getdikcə daha yaxşı olmağa çalışırıq. Yenə də əlimizdən gələni edib daha çox xallar toplamalıyıq.

Heyət olduqca gəncdir. Özümüzü göstərmək istəyirik. Hədəfimiz daha yuxarı pillələrdə olmaqdır. Turnir cədvəlində maksimum irəliləmək niyyətindəyik. Biz də avrokuboklarda çıxış etmək istəyirik. Bütün oyunçuların belə arzusu var. Ancaq biz hazırda bu məqamdan çox uzağıq. Yenə də əl çatmaz deyil. Məncə, azərbaycanlı futbolçularla da uğur qazanmaq mümkündür. Birlikdə oynadıqca bir-birimizi başa düşürük, inkişaf edirik. Məşqçilər də davamlı bunu deyir”.

O, qarşıdakı “Sumqayıt” görüşü barədə də danışıb:

“Sumqayıt”la oyunda bizə mütləq qələbə lazmdır. Turnir cədvəlində bizə rəqibdirlər. Əlimizdən gələni etməliyik. Ümumiyyətlə, bizə yaxın olan komandalar – “Kəpəz”, “Turan Tovuz” və “Səbail”in bizdən üstünlüyü heyətlərində legioner futbolçuların olmasıdır. Oyun cəhətdən onlarla aramızda elə də ciddi fərq yoxdur.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43