23 Dekabr 2024
Ölkə futbolu

“Heç bir yerdən ikiəlli yapışmamışam” – Rəşad Sadıqov

“Artıq buraxdığımız qolları şərh etməyə söz tapa bilmirəm. Əslində hər şey istədiyimiz kimi gedirdi. Yaxşı qol imkanlarından istifadə edə bilmədik. Qapımızda top gördükdən sonra hesabı bərabərləşdirdik. Amma rəqib ani boşluğumuzdan istifadə edib fərqləndi və qələbə qazandı. Hansısa klubun bu cür toplar buraxdığını xatırlamıram. Üstümüzə gələn toplar qapıya daxil olur. Açığı, bununla necə mübarizə aparacağımızı bilmirəm. Buraxdığımız qolların 80 faizi belədir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Qəbələdə eyniadlı komandaya 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.

O, qapı xəttində rəqabəti artırmaq üçün qış fasiləsində qolkiper axtardıqlarını söyləyib: “Amma düşündüyümüz oyunçu olmadı. Burada limit söhbəti də var. Qapıçı da legioner olsaydı, meydanda 4 yerli futbolçu oynatmaq çətinləşəcəkdi”.

Təcrübəli mütəxəssis əlindəki heyətdən razı olduğunu vurğulayıb: “İndi nə desəm, boş olacaq. Bugünədək nəsə axtarıb tapır, fikrimizi ifadə edirdik. Artıq deyiləsi söz yoxdur. Çox qəribə oyun oldu. Səbr edib, işimi davam etdirirəm. Amma şərh tapa bilmirəm. Ümidsizlik mənə xas olan şey deyil. Sonadək mübarizə aparacağıq. Ölkə kubokunda mübarizəni dayandırmağın da psixoloji cəhətdən üzərimizdə basqısı oldu. Hamını bir az sarsıtdı. Amma ümidsizlik ola bilməz”.

Sadıqovun sözlərinə görə, uğursuzluq olanda tək heyət yox, öz tutduğun vəzifə haqqında da düşünməlisən: “Mənim üçün də nəticə vermək çox önəmlidir. Hər hansı uğursuzluq olsa, rəhbərliklə danışacağıq. Problem mənimlə bağlı olsa, lazım olan addımı atacağam. Çünki mən heç bir yerdən ikiəlli yapışmamışam, heç vaxt etmərəm. İndi bunu şərh etmək istəmirəm. Əsas fikrimiz 4-cü yeri tutmaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43