Kateqoriyasız

Həmin Süleymanov

Əvvəlcə onu deyim ki, Tahir Süleymanovun “Neftçi”nin vitse-prezidenti postundan istefa verəcəyinə inanmıram. Bu, Allah bilir “Neftçi” rəhbərliyinin neçənci şousudu. Amma onu da deyim ki, artıq cəmiyyət bu şoulara heç bir maraq göstərmir. Tahir Süleymanov Allah bilir “Neftçi”nin vitse-prezidenti postunu tutmaq üçün necə əziyyətlərə qatlaşıb, hansı dərə-təpəli yollardan keçib. Elə ona görə də Süleymanovun bu postu könüllü şəkildə tərk edəcəyinə inanmıram. «Süleymanov futbolu peşəkar səviyyədə bilir, belə kadr Azərbaycan futboluna lazımdı» fikri də artıq öz əhəmiyyətini itirib.

Başdan-başa qeyri-peşəkar, qeyri-sağlam, qeyri-səmimi futbol təsərrüfatında peşəkar kadr ola bilməz. O, mütləq qeyri-peşəkarlaşmalıdı bu mühitdə. Tahir Süleymanov da qeyri-səmimidi. İdarəçiliyində də, açıqlamalarında da. Süleymanovun qeyri-səmimi obrazı onun peşəkar obrazını öldürüb. Özü də çoxdan öldürüb.
“Neftçi”nin vitse-prezidentinin istefa şousu ilə bağlı açıqlamasını oxudum. Eynən ovaxtkı kimi danışır. İşsiz olduğu əyyamı nəzərdə tuturam. O vaxt belə deyirdi: «AFFA prezidenti hər cür şərait yaradıb. Ancaq kimlərsə onu aldadır, onun tapşırıqlarını yerinə yetirmir».
İndi də eynən belə deyir. Kimlərsə… Kimlər, ay Tahir müəllim? Bu “kimlər” siz işsiz olanda da, indi də Azərbaycan futbolunun inkişafına badalaq vurursa, deməli, bunu AFFA prezidenti Rövnəq Abdullayev istəyir. O «kimlər» AFFA prezidentinin kadrlarıdı. Onun tapşırıqlarını yerinə yetirirlər. Rövnəq Abdullayev də həmişə onları tərifləyir, işlərindən razı olduğunu bildirir. Adam bu qədər qeyri-səmimi olmaz, Tahir Süleymanov.
Elxan Məmmədovla Ramin Musayevin guya birləşib Sadıq Sadıqova qarşı mübarizə aparması xəbərləri də uydurmadı. Elxan Məmmədov da, Ramin Musayev də, Sadıq Sadıqov da Rövnəq Abdullayevin kadrlarıdı, onunla birləşiblər. Bu şəxslər heç vaxt AFFA prezidentini aldatmazlar. Amma bu şəxslər Rövnəq Abdullayevlə birləşib Azərbaycan prezidentini və xalqını aldadırlar, Tahir Süleymanov. Bir az səmimi olun, Rövnəq Abdullayev futbola dədəsinin pulunu ayırmır. Pul SOCAR-dan ayrılır, prezident tərəfindən. Deməli, xalqın vəsaitidi. Rövnəq Abdullayev başına daş salır bu vəsaitin. Elxan Məmmədov, Ramin Musayev, Sadıq Sadıqovla əlbir olaraq. Amma siz buna görə Rövnəq Abdullayevə təşəkkür edirsiz. İşsiz olduğunuz vaxtlarda da deyirdiz ki, AFFA prezidentini kimlərsə aldadır, indi də təkrarlayırsız. Bəs sizin az qala altı ildi dediyiniz sözlər Abdullayevin qulağına niyə çatmır, gözünə niyə görünmür, başına niyə batmır?
Tahir Süleymanovun istefası Azərbaycan futbolunda heç nəyi əskiltməyəcək. Gəlişi nə vermişdi ki, gedişi də nə aparsın? Amma ürəyindən qara qanlar axanlara da deyirəm ki, narahat olmayın, Süleymanov getməyəcək. O, bu vəzifəni min bir əziyyətlə tapıb. Rövnəq Abdullayevin ünvanına söylədiyi qeyri-səmimi təriflər bahasına, adını çəkməyə cəsarət etmədiyi «kimlər»insə hesabına. Tahir Süleymanov Rövnəq Abdullayevi tərifləyib, onu «aldadanlar»ın adını çəkməyərkən nə qədər qeyri-səmimidisə, Nazim Süleymanov da «Neftçi»dən istefa verərkən açıqlamalarında o qədər qeyri-səmimi idi. Elə əvvəllər «istefa verirəm» deyərkən də qeyri-səmimi olub. İndi də qeyri-səmimidi. Siyasətdə, intriqada, şouda səmimiyyət olmur.

Natiq Muxtarlı, “Komanda” qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43