Müsahibə

“Hər gün bizə deyirdilər ki, bu futboldur və belə vəziyyətlər hərdən baş verir”

“İnter”in hücumçusu Baçana Sxadadze klubunun rəsmi saytına müsahibə verib. 

Topaz Premyer Liqasının IV turu çərçivəsində “Rəvan”la keçirilən matçda (1:5) het-trik edən gürcüstanlı legioner komandasının hücum xəttinin tənqid olunmasına münasibət bildirib.


– “İnter” “Rəvan”la matça yaxşı başlamadı. Bununla belə, komanda artıq birinci hissədə görüşün gedişini dəyişdirə bildi…

– Bu qələbə bizim üçün çox vacib idi. Bəli, oyuna pis başladıq, 1:0 hesabı ilə “Rəvan”ın xeyrinə olduğu zaman rəqibin daha bir qol vurmaq şansları da oldu. Ancaq bundan sonra özümüzə gəldik və oyunun gedişini xeyrimizə dəyişdirə bildik. İkinci hissədə konsentrasiya o qədər də yüksək səviyyədə olmadı. Amma bu, hesabda böyük fərqlə irəlidə olmağımızla əlaqədar idi. Yaxşı ki, belə böyük hesabla qalib gəldik. Bu qələbə bizə ilk növbədə psixoloji planda kömək edəcək.

– Yəqin ki, “Rəvan”la matç öncəsi komanda daxilində müəyyən gərginlik var idi. Axı 3 məğlubiyyətdən sonra futbolçuların psixoloji vəziyyətləri hissediləcək dərəcədə sarsıla bilərdi. Bu barədə nə deyə bilərsiz?

– Bəli, vəziyyət bir qədər gərgin idi. Ancaq rəhbərlik və məşqçilər korpusu komandanı dəstəklədilər. Hər gün bizə deyirdilər ki, bu futboldur və belə vəziyyətlər hərdən baş verir. Bizə ürək-dirək verirdilər və toparlanmaq lazım olduğunu bildirdilər. Bununla belə, bir qədər kədərli idi, axı biz ilk 3 turda məğlub olmuşduq. Amma hazırda vəziyyət dəyişdi: qələbə bizə inam verdi, futbolçular yaxşı əhval-ruhiyyədədirlər. Ümid edirəm ki, bu qələbə bizə növbədə oyunlarda da kömək edəcək.

-“İnter” ilk 3 turda hesabı birinci açırdı, lakin sonra məğlub olurdu. Maraqlıdır, “Rəvan” hesabda önə keçərkən bu barədə düşündünüzmü?

– Etiraf edim ki, ikinci qolu vurduqdan sonra mən tamamilə əmin idim ki, bu dəfə qalib gələcəyik.

– Matç sizin üçün də uğurlu oldu. Hesabınıza mövsümün, eləcə də “İnter”in heyətində ilk het-trikini yazdınız…

– 3 qol vurub komandaya kömək etdiyimə görə sevinirəm. Ancaq ən əsası komandanın qələbəsidir. Kimin qol vurmasının mənim üçün əhəmiyyəti yoxdur, axı futbol komanda oyunudur. İstərdim ki, komanda bundan sonra da qələbə qazanmaqda davam etsin.

– Yeri gəlmişkən, Bayıl stadionunda keçirilən bütün oyunlarda fərqlənə bilmisiniz. Bunu nə ilə izah edərdiz?

– Burada nə demək olar? (gülür). Yaxşı ki, bu meydanda hər qarşılaşmada qol vurmaq mümkün olur.

– Mövsümün əvvəlində mətbuatda “İnter”in hücum xətti tənqidə məruz qaldı. Deyirdilər ki, komandada hücumu uğurla başa vura biləcək futbolçu çatışmır. Bu sözlərə münasibət necədir?

– Bu sözləri şərh etmək istəməzdim. Mən sadəcə belə bəyanatlara yaxşı oyunumla cavab verməyə çalışıram. Düşünürəm ki, bu, mənim tərəfimdən ən yaxşı cavab olardı.

– Bu yaxınlarda komandaya yeni forvard İlço Naumovski qoşuldu. Necə düşünürsünüz, bu yeni futbolçu komandaya kömək edə biləcək?

– Bəli, yaxşı karyerası olan forvard bizə qoşuldu. İlço yaxşı oğlandır, bundan başqa, o, əla futbolçudur. Düşünürəm ki, o, “İnter”ə kömək edəcək.

– Qarşıda komandanı “Simurq”la çətin oyun gözləyir. Zaqatala klubuyla gözlənilən matç barədə nə düşünürsünüz?

– Biz stadionumuzda oynayacağıq. İlk növbədə bizə öz oynumuzu göstərmək lazımdır. Özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq və o zaman yaxşı nəticəyə ümid edə bilərik.

– İlk turlara əsasən komandanın vəziyyətlərini qiymətləndirmək çətindir. Hər halda çempionatın hansı komandası sizə daha yaxşı təsir bağışlayır və hansı klubu mövsümün favoritləri sayırsınız?

– Mən artıq neçə ildir Azərbaycanda çıxış edirəm və etiraf edim ki, digər komandalar arasında “Qarabağ”a daha çox rəğbətim var. Bu mövsümdə də onlar güclüdürlər və hesab edirəm ki, “Qarabağ” mövsümün əsas favoritlərindən biridir. Onlar güclü rəqibdir. Lakin digər komandaları da unutmaq olmaz.

– Yeri gəlmişkən, 2 gün sonra “Qarabağ”ı Avropa Liqasının play-off mərhələsinin cavab qarşılaşmasında Almaniyanın “Ayntraxt” komandasıyla oyun gözləyir…

– “Qarabağ”a cavab oyununda uğurlar arzulayıram. Onlara azarkeşlik edəcəyəm. Bu komandada həmyerlim və dostum Nikolos Gelaşvili də oynayır. Ona qol vurmağı və bu görüşdə qələbəni komandayla birlikdə qeyd etməyi arzulayıram.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43