Layihə

Həsənovun səhvi Yusifovu ən yaxşı etdi (LAYİHƏ)

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı altıncı yazısı.

Azərbaycan Premyer Liqasında başa çatan 2016/2017 mövsümündə hakimlərin idarəçiliyində də boşluqların olduğunu görmək olar. Hər halda mövsümü gümüş medallarla başa vuran “Qəbələ” ardıcıl bir neçə tur hakimliklə bağlı iradlarını tez-tez futbol ictimaiyyətinə çatdırırdı.

Təbii ki, mövsüm boyu təkcə “Qəbələ” deyil, az qala bütün komandaların hakimliklə bağlı şikayətləri var idi ki, bu da normal haldı. Başa çatan mövsümü hakimlər adına ümumilikdə yüksək dəyərləndirmək olar. Lakin mövcud problemlər də qaçılmaz oldu.

8 komandalı çempionatımızda ümumilikdə baş tutan 112 qarşılaşmanı 10 hakim idarə etdi. Ən çox oyun idarə edən hakimlər Əliyar Ağayev və Rəhim Həsənov oldu – hərəyə 17 dəfə. Ən az oyun isə Elvin Əsgərova həvalə olundu – cəmi 6 matç.

Ümumilikdə isə başa çatan mövsümdə hakimlərin oyun sıralaması aşağıdakı kimidi:

Əliyar Ağayev – 17 oyun

Rəhim Həsənov – 17 oyun

Fariz Yusifov – 16 oyun

Ömər Paşayev – 11 oyun

Ramil Diniyev – 10 oyun

Rauf Cabbarov – 10 oyun

Orxan Məmmədov – 9 oyun

İnqilab Məmmədov – 9 oyun

Rəvan Həmzəzadə – 7 oyun

Elvin Əsgərov – 6 oyun

Başa çatan mövsümün hakimi – Fariz Yusifov

Geridə qalan mövsümdə oyun idarəçiliyinin sayına görə 3-cü pillədə qərarlaşan təcrübəli FIFA referimiz Fariz Yusifov daha prinsipial matçlarda fit sahibi oldu. “Qarabağ” və “Qəbələ” klubları arasındakı son duellər məhz Yusifova həvalə olundu. Və beləcə tərəflər F.Yusifovun idarəçiliyindən narazı qalmadı.

Əslində hər şey 13-cü turdan sonra başladı. Məhz bu turun mərkəzi görüşü sayılan “Qarabağ” – “Qəbələ” matçında meydan sahiblərinin oyuna artırılmış dəqiqələrində vurduğu qol çox söz-söhbətə səbəb oldu. Belə ki, görüşün baş hakimi Rəhim Həsənov oyuna 7 dəqiqə əlavə etsə də, matçı 90+8-də bitirdi və beləcə azlıqda qalmasına rəğmən “Qarabağ” son dəqiqə qolu ilə 3 xalı aktivinə yazan tərəf oldu.

Bundan sonra “Qəbələ” tərəfi AFFA və PFL-i çempionatdan çıxmaqla hədələdi. “Qırmızı-qaralar”ın bu təhdid dolu mesajları nəticə Verdi. Belə ki, bu komandalar arasındakı oyunlar Fariz Yusifova həvalə olundu və təcrübəli referi də bunun öhdəsindən uğurla gələ bildi.

Kobud səhvlərin “memarları”

Başa çatan mövsümdə  ən çox kobud səhv edən hakimlərin siyahısında İnqilab Məmmədov və Rauf Cabbarov qərarlaşıb. Belə ki, Ramil Diniyevin 4-cü turda idarə etdiyi “Kəpəz” – “Zirə” matçında qonaqların lehinə qərar verdiyi 3 epizod gəncəlilərin qələbə qazanmasına mane oldu.

15-ci turun “Qarabağ” – “Neftçi” matçını da idarə edən Diniyev yenə kobud səhvləri ilə diqqət mərkəzinə düşdü. O, Ağdam təmsilçisinin lehinə bir neçə qərar qəbul etməklə “ağ-qaralar”ın əsəbləri ilə oynadı.

İnqilab Məmmədovun 7-ci turda idarə etdiyi “Sumqayıt” – AZAL, eləcə də 17-ci turdakı “Qəbələ” – AZAL görüşləırindəki səhv qərarları oyunlara damğasını vurdu.

Ümumilikdə isə digər mövsümlərlə müqayisədə irəliləyişin olduğunu sezmək çətin deyil. Hər-halda başa çatan mövsümdə hakimlərlə bağlı iradlar olsa da, bu çoxluq təşkil etmədi.

Yazı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsi çərçivəsində hazırlanıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43