Mübarizə həyatın güzgüsüdür. Necə mübarizə aparacaqsansa, həyatın da elə olacaq. Səhvlər etsən qarşına səhvlər, düzgün addımlar atsan qarşına düzgün adamlar çıxacaq. Bu günü xoş olan insanlar isə, sözsüz ki, çətin yolları görmüşlərdir. Çünki asan yolların sonunda, sadəcə, saman çöpü olur.
Çətinliklərdən keçənlər üçün qar da, soyuq da, şaxta da, isti də xoşdur, Allah tərəfindən göndərilən paydır.. Sıxıntılar gəlib-gedərdi, sadəcə sıxıntıları göndərən qüvvəyə görə buna səbr etməli, daha sonra qalib gəlməli, xoş gələcəyə inanmalı və bu xoş günləri görməlisən… Qara kimi…
İndi hamının “Qarabağ”ın aparıcı oyunçusu kimi qələmə verdiyi, həyatını, yaşayışını, var-dövlətini arzulayan şəxslər əvvəlcə onun keçmişini, uşaqlığını yaşamalıdırlar. İndi 10 milyonluq Azərbaycanın 11 oyunçusundan biri olan Qara vaxtilə həyatın ən ağır günlərinə sinə gərib, tab gətirib.
Bəzən belə bir söz işlədilir: “Oğurlanmış uşaqlıq”. Məncə, həyatda heç nə qarşılıqsız deyil, bir hadisə varsa, onun səbəbi də vardır. Zənnimcə, oğurlanmış uşaqlıq, elə bu günün təməlidir. Qaranın isə bu günün təməlini qoyan uşaqlığı “məşhur” Yasamal yataqxanasında oğurlanıb.
Ən kasıb yerin də ən varlısı vardır, ən çirkli yerin də ən təmizi vardır, ən qarışıq yerin də bir öndəgələni vardır, əlbət… Bu gün təlim-tərbiyəsi, davranışı ilə seçilən Qarayev uşaq ikən də qabaqcıllardan olub. Mərhum prezident Heydər Əliyevin Pakistan prezidenti ilə birgə yataqxanaya səfəri zamanı ona gül aparan da məhz güllə görmüş Qara Qarayevdir. Onun timsalında bütün köməksizləri bağrına basan mərhum Prezident uşağa gələcək həyatında uğurlar arzulayıb.
Sözsüz, çətin vəziyyətdən çıxmaq üçün insanın ən çox güvəndiyi şəxs özü olmalıdır. Özünəgüvənsən, hər şeyi bacararsan.. Qara kimi…
Mərdan Həsənov (Newsport.az)
Həmin tarixi andan əldə etdiyimiz özəl görüntüləri sizə təqdim edirik: