İdman

“Heydər Əliyev Kuboku” turnirinə start verildi

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təçkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr  olunmuş Milli Atçılıq Festivalı davam edir.

Idmanxeber.com-un məlumatına görə, Dahi Öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş atçılığın konkur növü üzrə “Heydər Əliyev Kuboku” turniri keçirilmişdir.

Turnir 2 kateqoriya üzrə təşkil edilib. İlk kateqoriyada maneələrin hün­dürlüyü 125 sm, ikinci kateqoriyada isə 145 sm olmuşdur.

Turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarından 26 iştirakçı çıxış edib. Qeyd edək ki, turnir açıq şəkildə  keçirildiyi üçün Belarusiya və Türkiyə Respublikalarından da idmançılar iştirak etmişdir.

Maneələrin hündürlüyü 125 sm olan günün ilk yarışında “Elite Horse and Polo Club”un idmançısı Pənah Əlizadə “Bill-Clinton” ləqəbli atla 3-cü yerə, Sərhədçi Atçılıq Klubunun idmançısı Seyid Musayev “Concorde 57” ləqəbli atla 2-ci yerə yüksəlmişdir. Buta Golden klubunun idmançısı Yahor Morotski isə heç bir cərimə xalı toplmadan “Astrello” ləqəbli atla birinci yerdə qərarlaşmışdır.

Maneələrin hündürlüyü 145 sm olan günün ikinci yarışında isə Buta Golden klubunun idmançısı Yahor Morotski “Astrello” ləqəbli atla 3-cü yeri qazanmışdır.

Gərgin gedən mübarizədə heç bir cərimə xalı toplamayan Sərhədçi klubunun idmançısı Seyid Musayev və “Elite Horse and Polo Club”un idmançısı Rəşad Səmədov təkrar sıçrayışa qalaraq yenidən final uğrunda mübarizə aparıblar.

Və nəhayət təkrar sıçrayışın nəticələrinə əsasən “Elite Horse and Polo Club”un idmançısı Rəşad Səmədov “Cherowa” ləqəbli atla ikinci yerin sahibi olmuşdur.

Sərhədçi Klubunun idmançısı Seyid Musayev isə “Concorde 57” ləqəbli atla keçirilən yarışlarda qalib gələrək 1-ci yerin və eyni zamanda Heydər Əliyev  Kubokunun qalibi olmuşdur.

Qeyd edək ki, Milli Atçılıq Festivalının davamı olaraq 9 iyun 2018-ci il tarixdə Bakı Dövlət Cıdır meydanında, saat 11:00-da Çövkən Milli Atüstü oyunu üzrə “100 illik Yubiley Kuboku” turnirinin final mərhələsi keçiriləcəkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43