Kateqoriyasız

“İcazə verilsə, kubokun finalını Qarabağda keçirərik” – Ramin Musayev

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılır.

Püşkatmadan öncə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev fikirlərini bildirib:

“Hər kəsi salmalayıram. Fürsətdən istifadə edib, Ali Baş Komandanımıza, Ordumuza, əsgərlərimizə bizə, bütün türk dünyasına verdikləri sevvincə görə təşəkkürümüzü bildiririk. Onlara Allahdan can sağlığı arzulayırıq. Şəhidlərimizin yeri cənnətdi. Qazilərimizə can sağlığı, uzun ömür arzulayırıq. Allah şəhidlərimizin yaxınlarına, ümumən hər birimizə səbr versin. Onlar hər birimizin yaxınıdı.

Bilirsiz ki, keçən il pandemiyaya görə kubok yekunlaşmadı. Bu, bizdən asılı olmayan məsələ idi. Arzu edək ki, bu il kubokun finalını keçirə bilək. Bu yaxınlarda demişdim ki, əgər icazə verilsə, kubokun finalını Qarabağda keçirərik. 2008-ci ildə Quzanlıda ilk dəfə oyun keçirmişdik. Həmin zaman azarkeşləri apardığımız avtobuslarda belə bir şüar var idi: “Bu gün Quzanlıya, sabah “İmarət”ə”. Şükürlər olsun, Allah bunu bizə nəsib etdi. Ola bilər ki, bu mövsüm çatdırmayaq. Çünki orda hazırlıq olmalı, stadion tikilməlidi, vaxt lazımdı. Sabah azarkeşlər deməsin ki, Ramin Musayev dedi, amma eləmədi. Stadion hazır olarsa, böyük sevinclə orda kubokun finalını keçirərik. Hazır olmazsa, azarkeşlərin istəyinə uyğun yer seçmək borcumuzdu.

Bu il reqlamentdə dəyişiklik yoxdu. 1/8 final bir oyundan ibarətdi, ¼ finaldan isə 2 matç keçiriləcək. Əvəzetmələr yenə 4 olacaq. Komandaların sayı bu günə görə az deyil. Təki kubok sona qədər keçirilsin. Baxmayaraq ki, keçən il kubok sahibini tapmadı, bu il ümid edirik ki, yekunlaşdıracağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43