İdman

İdmançılarımız dünya kubokunda 8-ci oldular

Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirakını başa vurub.

İdmanxeber.az Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadən xəbər verir ki, Anna Başta, Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv komanda yarışında ilk görüşündə Argentina yığmasına 45:26 hesabı ilə qalib gəlib. Komandamız ardınca ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə Polşa millisini 45:39 hesabı ilə məğlub edib. Sablyaçılarımız yarımfnala yüksəlmək uğrunda keçirilən qarşılaşmada Fransa seçmə kollektivinə 24:45 hesabı ilə uduzub. Yığmamız 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə İspaniya (40:45) və Yunanıstan millilərinə (29:45) məğlub olaraq turniri 8-ci sırada başa vurub. Hazırda qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız dünya reytinqində 7-ci sırada qərarlaşıb.

Qadın sablyaçıların şəxsi yarışında turnirə əsas mərhələdən qatılan Anna Başta ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İtaliya təmsilçisi Miçela Battistona 14:15 hesabı ilə uduzub. Sevil Bünyatova, Palina Kaspiaroviç və Valeriya Bolşakova isə əsas mərhələnin ilk görüşündə mübarizəni dayandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43