Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdonun inkişafı, bu çərçivədə məşqçi heyətinin peşəkarlıq səviyyəsinin artımına nail olmaq istiqamətində bir sıra tədbirlər görməkdədir.
İdmanxeber.az xəbər verir ki, belə ki, Beynəlxalq Cüdo Federasiyası (İJF) ilə qurulan sıx və qarşılıqlı əməkdaşlıq çərçivəsində 7 mart 2022-ci il tarixində İJF-in Akademiyasında Azərbaycanın cüdo idman növü üzrə məşqçiləri üçün təlimlər başlamışdır. Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarətdir.
9 may tarixində İJF Akademiyasının ekspertləri Mesut Kapan və Kaya Gezeker iştirakı ilə təlimin praktiki mərhələsi başlamışdır.
Mesut Kapan 6-cı dan qara kəmər sahibidir və İJF Akademiyasının akkreditasiya edilmiş təlimçisidir. 4-cü dan qara kəmər sahibi olan Kaya Gezeker isə İJF Akademiyasının Səfiri, regional koordinatoru və eyni zamanda, İJF-in Hərbi və Polis Komissiyasının direktorudur.
İki gün davam edəcək praktiki məşğələlər zamanı 100 əsas katanın yerinə yetirilməsi üzrə dərslər keçirilir. Qeyd edək ki, kata cüdoda texniki hərəkətlər kompleksidir və onun yerinə yetirilməsinin ciddi qayda və ardıcıllığı vardır. Bu hərəkətlər kompleksinin keyfiyyətli nümayişi cüdoçunun ustalıq səviyyəsini müəyyən edir. Katanın öyrənilməsi cüdonun əsas fəlsəfi prinsiplərinin mənimsənilməsi və fəndlərin düzgün yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 40-dan artıq məşqçi təlimin praktiki mərhələsində iştirak edir və təlimi uğurla başa vurduqları halda İJF-in müvafiq beynəlxalq sertifikatı ilə təltif olunacaqlar.
Onu da bildirək ki, İJF-in qərarına əsasən, 2023-cü ildən etibarən İJF-in müvafiq sertifikatına malik olmayan məşqçilərə İJF və Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışlarda tatami kənarında idmançıları müşayiət etməyə icazə verilməyəcəkdir.
45 məşqçi ilə başlanan proqramın növbəti illərdə də davam etdirilməsi planlaşdırılır.