04 Yanvar 2025
Kateqoriyasız

İkinci böyük şəhərin birinci problemi

Sponsorsuzluğun əziyyətini çəkən ölkənin ikinci ən böyük şəhərinin Premyer Liqadakı tək təmsilçisi “Kəpəz” son turlarda toparlanmağa başlayıb. Ardıcıl qazanılan xallar turnir cədvəlinin zirzəmisini “Səbail”ə təhvil verməsi ilə nəticələnib. Ötən il olduğu kimi bu il də çətin olacaq işin öhdəsindən bir yumruq kimi gəlir komanda. İstər futbolçuları, istər məşqçilər heyəti, istərsə də klub rəhbərliyi ilə birlikdə…  

Söz-söhbətlərin səngimədiyi, bu qədər problemlərə rəğmən Premyer Liqanı tərk etməyən komanda müəyyən zamanlarda satqınlıqların, şəxsi maraqların, ziddiyyətlər və ittihamların hədəf obyekti olub. Uzun müddət iş üzü görməyən məşqçilərin özünü təsdiq etmək imkanları tanındığı klubda indi olduğu kimi zaman-zaman da xəyanətlər olub. 

“Kəpəz” bəli, dövlətdən maliyyələşən klub kimi ayaqda qalmağa çalışır. Bu gün sponsoru olan bəzi klubların belə maliyyə çatışmazlığı var. Gəncə təmsilçisinin də bu və ya digər təşkilatlar qarşısında maliyyə öhdəliyi olur. İndi kimin borcu yoxdu prizmasından məsələyə yanaşsaq, “Kəpəz”in kimlərəsə, haralarasa borcu olması normaldır. Klub dövlətdən aldığı maliyyəni uyğun bölərək borclarıni ödəyir. Əsas odur ki, müəyyən vaxtda ərzində pullar ödənilir. Heç kimə borclu qalınmır.

Bu qədər sıxıntı varkən belə uğur qazanmaq çətin görünsə də, bir formada bacarırlar. Lakin müsbət nəticələr qazanıldıqda belə klub ətrafında dezinformasiyalar səngimək bilmir. Gah klubun, gah da şəhərin içindən. Bu və ya digər formada komanda daim basqı altında olub. Azarkeşlərin müəyyən qismi də bilməyərəkdən yaranan bu səs-küyə, axına düşüb. Nəticəsi də məlum…

Heç şübhəsiz ki, bəzi şəxs və ya şəxslər ortalığı bulandırmağa meyillidi. Nanəciblik etmək, oturduğu budağı baltalamağın fəsadları ağır olur. İnsan özünün dünənini unutmamalı, keçmişi yaddan çıxarmamalıdı. Mütləq ki, keçmişinə güllə atanı gələcək topa tutacaq!

Bu olanların fonunda isə gəncəli futbol azarkeşləri prosesi həyəcan və narahatlıqla izləyir. Bu artıq ölkənin ikinci ən böyük şəhərinin birinci probleminə çevrilib. Dövlət dotasiyası hesabına yaşayan, AFFA-nın köçürmələrinə bel bağlayan komanda ardıcıl neçə mövsümdür ki, çempionatda qalmağı bacarır. Yerli fanatlara isə Gəncə futbolunun yaşaması, ən azından Premyer Liqada təmsil olunması lazımdı. Müəyyən zamandan sonra isə komanda daha iddialı durum gətirilərsə, nə gözəl.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43