23 Dekabr 2024
Kateqoriyasız

“IL ‘Azero” rəhbəri: “Bunları birləşdirib “Qarabağ”ın könlünü fəth edək” (MÜSAHİBƏ)

Azərbaycanın ilk idman geyimləri brendi “IL’Azero”nun təsisçisi İlqar İmamquliyevin müsahibəsi…

– “Qarabağ” yeni mövsüm “IL’Azero”dan geyinəcək. Bu, necə baş verdi?
– Prosesə ötən ilin sonlarından başlamışdıq. “Qarabağ” klubundan dəvət edib dedilər ki, Azərbaycan brendidir və Avropada tanınması üçün əlimizdən gələni etmək istəyərik. Ancaq hər şey sağlam rəqabət çərçivəsində oldu. Klub rəhbərliyi mənə ilk gündən dedi ki, bizim istədiyimiz hər şeyin yüksək səviyyədə olmasıdır. “Qarabağ” “Adidas”la əməkdaşlıq edirdi. Bildirdilər ki, sizin bizə göstərəcəyiniz nümunələr, verə biləcəyiniz məhsullar keyfiyyət və vizuallıq baxımından ən azından bərabər olacaq, yaxud üstələyəcəksə, sizinlə əməkdaşlıq etməyə sevinərik. Buna görə “Qarabağ”a minnətdarlığımı bildirmək istəyirəm. Əslində, istənilən brend üçün böyük hadisədir. Çünki əsl brend “Qarabağ”ın özüdür. Komandanın baş məşqçisi Qurban Qurbanov Azərbaycan futbolunun ikonasıdır. Klubun rəhbərliyinə sağlam rəqabət yaradılıb, iş peşəkar qurulduğuna görə dərin minnətdarlığımı bildirmək istəyirəm. “Qarabağ” ölkə futboluna verdiyi töhfə kimi yerli brendi önə çəkməklə eyni zamanda Azərbaycan adına növbəti töhfəsini vermiş oldu. Ölkəmizdə futbol deyiləndə ağıla gələn “Qarabağ”dır. Biz də məsuliyyəti dərk edirdik. “IL’Azero”nun özünəməxsus konsepti var. Geridə qalan 5 il ərzində hər şeydən əvvəl keyfiyyət göstəricisi olmaq istəmişik. Çalışdıq ki, bunları birləşdirib “Qarabağ”ın könlünü fəth edək.

– “Qarabağ” yerli brendlə əməkdaşlıq edərək, qənaət etmiş oldu?
– Burada qənaətdən söhbət gedə bilməz. Bizim geyimlərimizin Avropada istehsal olunduğunu bilən insanlar onların maliyyətinin də, dəyərinin də kifayət qədər yüksək olduğunu anlayırlar. “Qarabağ” da o qədər böyük klubdur ki, onların belə kiçik şeylərdə qənaət düşünməsi müzakirə mövzusu deyil.

– Necə oldu ki, “Qarabağ” sizi seçdi?
– Danışdıq, nümunələrimizi göndərdik. Proses bir neçə ay davam etdi. Yekunda əməkdaşlıq etmək istədiklərini söylədilər. Hər şey peşəkar anlaşma çərçivəsində baş verdi.

– Müqavilə neçə illikdir?
– İlk il sınaq müddəti kimidir. Ümid edirəm ki, əməkdaşlığımız uzunmüddətli olacaq. İlk günlərdən aldığımız xoş rəylər bunun davamlı olacağına inam yaradır. Geyim birbaşa zövqlə bağlıdır. Bəyənilə də bilər, bəyənilməyə də. Amma böyük üstünlüklə rəğbət görürük. Düşünürəm ki, beləliklə uzunmüddətli əməkdaşlığa yol açılır.

– Formaların dizaynı çox müzakirə olunur…
– Bəlli konseptimiz var və digərlərindən tamamilə fərqlənir. Standartlardan qaçmağa çalışırıq. Azərbaycan brendi olduğumuz üçün ölkəmizə məxsus olan ornamentlərə, simvolikalara üstünlük veririk. Fərqli dizaynlar tədqim edildi. 30-40-dan çox nümunə tərtib olundu. Ancaq bu, çox bəyənildi. Çünki Qarabağ, Azərbaycan xalçalarına məxsus ornamentlərdir və onları xəfif şəkildə geyimin üzərində yerləşdirmək istədik. Bilirsiz ki, Qarabağ bizim üçün nə qədər önəmli mədəniyyət beşiyidir. Həmin simvolikaları ictimaiyyətə fərqli mesajlarla çatdırmaq istədik. Hər iki tərəfin maraq və istəkləri üst-üstə düşəndə ortaya harmoniyalı bir şey çıxır.

– “Qarabağ”ın brend olduğunu qeyd etdiz. Bu əməkdaşlığın “IL’Azero”nun böyüməsinə təkan olacağını düşünürsüz?
– Əlbəttə. İlk müsahibələrimdə deyirdim ki, ən böyük iki hədəfimdən birincisi “Qarabağ”ı avrokuboklarda geyindirməkdir. Bir zamanlar bu xülya idi. Ancaq arzuların reallaşmaq kimi özəlliyi var. Bu gün hədəfimizə çatdığımızı görmək həm xoşdur, həm də biz anlayırıq ki, biz “Qarabağ”ı deyil, “Qarabağ” bizi təbliğ edəcək və bu, böyüməyimizə, inkişaf etməyimizə stimul olacaq. Düşünürəm ki, bunun geridönüşləri qat-qat artıq olacaq.

– İkinci hədəfiniz nədir?
– Olimpiya milli komandamızı geyindirmək. Bu, qarşımızda dayanan böyük bir məqsəddir. İnanıram ki, “Qarabağ”la olan əməkdaşlığımız digər federasiyalar, müvafiq orqanlara da stimul verəcək. Niyə də Azərbaycanın Olimpiya yığması 2024-cü ildə Parisdə yerli brenddən geyinməsin…

– Digər futbol klublarından təkliflər var?
– Digər futbol klublarımızdan da təkliflər var. Amma builki eksklüzivimiz tamamilə “Qarabağ”a aid olduğu üçün onlarla əməkdaşlığı nəzərdən keçirmədik və imtina etdik.

– Əsas milli “Nike”dan geyinməyə başlayandan formaların dizaynı çox müzakirə olunur və əsasən bəyənilmir. Sizin bununla bağlı hansısa ideyalarınız varmı?
– Fikirlərimiz çoxdur. Texniki imkanların inkişaf etdiyi dövrdə ürəyiniz istəyən şəkildə dizaynlar tərtib etmək mümkündür. Sadəcə, biz təklifi gözləyirik. Ümid edirik ki, “Qarabağ”ın atdığı addımları nə vaxtsa digər federasiyalar da, AFFA da atacaq. Azərbaycan millisi Azərbaycana məxsus görüntülərlə geyinməlidir. Bütün işlərə, brendlərə hörmətlə yanaşırıq. Hazırda “Adidas” və ya “Nike” olmasaq belə, rəqabətdə qazandığımız kiçik qələbələr də bizim düzgün yolda olduğumuzu göstərir. Düşünürük ki, niyə də olmasın. Artıq zaman yetişib. Bunu ən yüksək keyfiyyətlə təqdim etməyə hazırıq.

– Sosial şəbəkələrdə avrokuboklarda çıxış edən “Qarabağ”ın məşhur xarici brendlərlə əməkdaşlıq etməli olduğu fikirləri də çoxdur.
– İstəklər fərqli ola bilər. Xarici brendlərlə çalışıb müəyyən standartlar çərçivəsində olmaqdansa, bizim heç də keyfiyyətdə geri qalmayan və orijinal dizaynlı geyimlərimizdən istifadə etmək niyə də olmasın. Həm də birləşərək Azərbaycanın özünəməxsus brendinin olduğunu gəstərməliyik.

– Bildiyim qədər özünüzün indiyə qədər ölkə daxilində və xaricdə kifayət qədər əməkdaşlıqlarınız da olub…
– Olduqca çoxdur. Azərbaycanın voleybol, karate, sambo, güləş komandalarımız müxtəlif yarışlara bizim geyimlərimizlə çıxıb. Atıcılıq, cüdo, kikboksinq federasiyaları, müəyyən klublarla əməkdaşlıqlarımız olub. Bütün MMA ulduzlarımız bizim brenddən geyinir. İndoneziya klubu ilə əməkdaşlığımız var idi. Hətta geyimlərin təqdimatı olmuşdu. Ancaq pandemiyaya görə bunu ertələməli olduq. Rusiya, Braziliya klubları ilə əməkdaşləqlarımız olub. Müxtəlif fərdi idmançılar da var. UFC-də Rafael Fiziyevin geyindiyi xalça ornamentləri olan geyimimiz böyük marağa səbəb olmuşdu. Ondan sonra bir çox MMA idmançılarının istəyinə çevrilən geyimləri təqdim etmişik. İşlərimiz çoxdur, hədəfimiz dayanmamaqdır. Mümkün qədər çox komandaları, federasiyaları geyimlə təmin etmək istəyirik.

Futbolpress.az 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43