09 Noyabr 2024
Dünya futbolu

İlham Əliyev AÇ-2016 ilə bağlı iki sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb. 

İdmanxeber.com-un məlumatına görə, sərəncamda aşağıdakılar qeyd olunub:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının Azərbaycan Respublikasında keçiriləcək final mərhələsinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycana gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

2.2. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;

2.3. 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

3. Bu Sərəncamın 1-ci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

3.1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş şəxslər – 2016-cı il aprelin 1-dən iyunun 1-dək;

3.2. 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsində iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri – 2016-cı il aprelin 20-dən mayın 25-dək;

3.3. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər, habelə 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet əldə etmiş şəxslər – 2016-cı il mayın 1-dən 25-dək.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etsinlər.

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

5.1. 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

5.2. 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat versin”.

Prezident həmçinin 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsinin təmin edilməsi haqqında da sərəncam imzalayıb:

“Azərbaycan Respublikasında idmanın inkişafı daim dövlətin diqqət mərkəzindədir. Azərbaycanda beynəlxalq səviyyəli mötəbər idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir, həmin yarışlarda Azərbaycan idmançıları uğurla iştirak edirlər.

17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsi ölkədə idmanın bu növünə marağın daha da artmasına səbəb olacaq və Azərbaycanın nüfuzlu beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsini daha da zənginləşdirəcəkdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin Azərbaycan Respublikasında keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı təhlükəsizliyin təmin olunması, mühafizənin təşkili, çempionat zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görsünlər.

2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsində iştirak üçün Azərbaycan Respublikasına gələcək Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) əməkdaşlarının, vəzifəli şəxslərinin, UEFA nümayəndə heyəti üzvlərinin, UEFA üzvü olan assosiasiyaların əməkdaşlarının və vəzifəli şəxslərinin ölkəyə gəlmə və ölkədən getmə zamanı dövlət sərhədindən keçməsi, gömrük nəzarətinin aparılması, habelə çempionatla və çempionat tədbirləri ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi kimi məsələlərin həllində operativliyi təmin etsinlər.

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi çempionatın final mərhələsində təcili tibbi yardım, sanitariya və epidemioloji təhlükəsizlik işlərinin təşkili üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Müəllif Hüquqları üzrə Dövlət Agentliyi, öz səlahiyyətləri çərçivəsində, çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı UEFA-nın media, marketinq və digər kommersiya hüquqlarının qorunmasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti çempionatın final mərhələsinin keçirilməsi üçün tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görsünlər.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu çempionatın final mərhələsinin təşkili ilə əlaqədar ölkəyə gələn və çempionatın final mərhələsində iştirak edən şəxslərin müraciətlərinə operativ baxılmasını təmin etsinlər.

7. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Müəllif Hüquqları üzrə Dövlət Agentliyi çempionatla və çempionat tədbirləri ilə bağlı UEFA-nın və (və ya) üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının qeydiyyatı, qeydiyyatına etiraz və ya qeydiyyatından imtina prosedurlarının operativ həyata keçirilməsini təmin etsinlər.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43