Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən 16-cı Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.
İdmanxeber.az-ın məlumatına görə, Sərənacama əsasən, Yaponiyanın Tokio şəhərində keçirilən 16-cı Yay Paralimpiya Oyunlarında əldə etdikləri ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
– birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min), onun məşqçisinə 100 000 (yüz min) manat
– ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min), onun məşqçisinə 50 000 (əlli min) manat
– üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min), onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.