28 Yanvar 2025
Ölkə futbolu

İli çıxır, nəticə yoxdur!

Rövşən Nəcəfin AFFA-ya prezident seçilməsindən 10 aydan artıq vaxt keçib. Bugün-sabah bu posta təyinatın ili çıxacaq, amma ortalığa nəticə çıxmayıb.

Bəli, razılaşmaq olar ki, normalda bu vaxt gözlənilənləri icra etmək üçün çox azdı. Planlı şəkildə, “götür-qoyu” dəfələrlə edilməli olan məsələlər var. Ancaq ümidverici heç nə görünmür. Necə?

Bu 10 ay 25 günə əsaslanaraq demək olar ki, hazırkı AFFA rəhbərliyi sələflərinin yolunu gedir. Uşaq futbolunda olan çatışmazlıqlar hələ də öz həllini tapmayıb. Bunun üçün mütləq şəkildə strategiya planının təsdiqlənməsini gözləməyə lüzum yoxdu. Dövlətdən ayrılan milyonlarla vəsaitin bir neçə yüz mini bəzi gözlə görününən, həlli dərhal mümkün ola biləcək problemlərin çözülməsi üçün yetərli olar.

Cırıq toplarla uşaq futbolunu inkişaf etdirmək olmaz. Əgər siz cırıq topların yenisi ilə əvəzlənməsini də strategiya planına daxil etmisizsə, o planın icrasına başlamamaq ondan daha yaxşıdır. Uşaq futbolu ölkə futbolunun ana xəttidir. Burda diqqətə alınmayan hər şeyin bədəlini gələcək illərdə mütləq şəkildə ödəməli olursan. Hətta bu durumdan səni heç bir şirkətin milyon dollarlıq strategiya planı belə qurtara bilməz. 

Tələsməmək istəyərkən, birdən yenə yada düşür ki… Medianın haqlı suallarından qorxaraq ötən ay AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) növbəti iclasını gizli keçirirsinizsə sizin bu uzun yolda görəcəyiniz işləri indidən təxmin etmək o qədər də çətin deyil. Masaya yatırılan məsələlərin öncədən açıqlanmaması, ictimaiyyətdən gizli saxlanılması konkret olaraq AFFA rəhbərliyinin öz mətbuat xidmətinə vacib tapşırığı idi ki, buna da nail ola bildi. 

İndi baxın! Özlərinin təbirincə desək, ilkin mərhələdə strategiya planının açıqlanmasının ardından təsdiqlənməsi qalır. Bu zavallı azərbaycanlı futbolsevər sadalanan, həmçinin sadalamadığımız onlarla, yüzlərlə bu kimi neqativlərin fonunda nəyə və niyə ümid etsin?

Cəmi 11 ay heç olmamış bu bapbalaca nöqsanların əlində əsir-yesir qalmışıqsa, olması mümkün böyük səhvlərin nəticəsini indidən düşünmək adama ağır gəlir.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43