Ölkə futbolu

İlk oyunda hakimi bəhanə edən Hacıyev bu dəfə meydançadan gileyləndi

“Oyun çox pis hava şəraitində keçdi. Meydançanın durumu tam oynamağa imkan vermirdi. Sizə deyim ki, gənclərdə istək təcrübəlilərə nisbətən daha çoxdur və onlar bunu meydanda hiss elətdirirlər. Təcrübəli futbolçular hazırlığa nisbətən gec qatıldığından, gənclərin fiziki hazırlığı onlara nisbətən daha yaxşıdır. Əgər Cavid İmamverdiyev penalti zərbəsindən, eləcə də Nicat Qurbanov və Ruslan Qurbanov qol imkanlarından istifadə etsəydi, böyük hesabla qalib gələ bilərdik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Çixura” ilə yoldaşlıq matçından (1:1) sonra klubun rəsmi saytına deyib.

Təcrübəli mütəxəssis  komandasının oynadığı futboldan razı qaldığını bildirib:

“Ancaq komanda hələ tam komplektləşməyib. Çünki bəzi mövqelərdə yeni futbolçular mövcuddur. Məsələn, Kauenin komandaya uyğunlaşması üçün bir az zamana ehtiyac var. Elvin Bədəlovu Elvin Yunuszadə ilə bir xətdə oynadırıq. İyunun 25-i və 27-də də keçirəcəyimiz yoxlama oyunlarından sonra komanda komplektləşəcək və Avstriyaya gedəcək heyətdə Avroliqada iştirak edəcək futbolçular məlum olacaq. Əsas odur ki, “Neftçi” heyətini qoruyub saxlaya bilib və bu heyətlə daha yaxşı futbol oynayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43