20 Sentyabr 2024
Ölkə futbolu

“İlk oyunumuz idi, çatışmazlıqların olması normaldır” – “Araz Naxçıvan”ın yeni transferi

Təlim-məşq toplanışını Ərzurumda davam etdirən “Araz-Naxçıvan” yeni transferi Bernardo Oliveyra (Benni) toplanışla bağlı fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçu klubun mətbuat xidmətinə danışıb.

O, debüt etdiyi “Alanyaspor”la yoxlama matçına toxunub:

“Alanyaspor”la oyun yoxlama xarakteri daşısa da, biz meydanda sanki günlərlə keçdiyimiz məşqlərin hesabatını verməyə çalışdıq. İlk oyunumuz idi, çatışmazlıqların olması normaldır, amma müsbət məqamlar da vardı. Məncə, ilk addımımız pis alınmadı, ancaq vacib olan baş məşqçinin fikirlərini və istəklərini düzgün icra etməkdir. Tədricən buna nail olacağımızı vurğulaya bilərəm”.

27 yaşlı yarımmüdafiəçi Naxçıvan klubuna keçidi haqda bunları deyib:

“Menecerim Azərbaycandan təklif gəldiyini bildirdi. Futbolçu həyatı elədir ki, hər zaman yeni çağırışlara hazır olmalısan. Bu baxımdan dəyərləndirmək qərarına gəldim. Artıq 1 həftədir ki, “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Çox yaxşı, intizama riayət edən bir kollektivimiz var. Hər kəs bir-birinə mehriban davranır, kömək etməyə çalışır. Təbii ki, klubun da bir hədəfi var və buna nail olmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Yeni mövsümə hazırlığımız yüksək səviyyədə davam edir. Start uğurlu olmalıdır. Bunun üçün də biz futbolçular maksimum çalışmalıyıq”.

Futbolçu ölkəmiz və çempionatımız haqda müəyyən bilgilərə sahib olduğunu, bu işdə ona keçmiş komanda yoldaşları kömək etdiyini bildirib:

“Əlbəttə, razılıq verdikdən sonra həm formasını geyinəcəyim klub, həm də liqa haqqında məlumat topladım. Bu işdə mənə ən çox vaxtı ilə bir komandada oynadığım, indi isə karyerasını ölkənizdə davam etdirən bir neçə futbolçu kömək etdi, dolğun məlumat verdilər. Burada olmaq və oynamaq karyerama müsbət mənada təsir edəcək”.

Qeyd edək ki, Benni indiyə qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves”, “Uniao Torreense” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43