“Sabah” komandasının futbolçusu Təmkin Xəlilzadə “İdmanxeber.az”a müsahibə verib.
–“Sabah”ın mövsümə uğursuz başlanğıcını necə dəyərləndirirsən?
-Bəli, həqiqətən də mövsüm bizim üçün uğursuz başladı. Əslində çempionata “Neftçi” ilə səfərdə heç-heçə edərək pis başlamamışdıq. Ancaq ard-arda gələn məğlubiyyətlərdən sonra heç cür toparlana bilmədik. Çox şükür ki, oyunlar keçdikcə komanda biraz daha yaxşı çıxış edir. Ötən turda “Zirə”yə qarşı bir sıfır geriyə düşsək də, iki qol vura bilmişdik. Təəssüf ki, oyunun sonlarında diqqətsizlikdən bir qol buraxdıq, bu da bizi iki xaldan etdi. Ancaq bu tur “Qəbələ”yə qarşı qalib gələ bildik. Qəbələdən üç xalla qayıtmaq o qədər də asan deyil. Bunun üçün sevincliyik.
-Uğursuz gedişatdan sonra komandada baş məşqçi dəyişikliyi oldu. Bir müddət köməkçi məşqçi rəhbərlik elədi. İndi isə İqor Ponomaryovdur. Bütün bunlar oyunçulara psixoloji olaraq necə təsir edir?
-Açığı, bu məsələlərdən danışmaq bizim vəzifəmiz deyil. Bu şeylərə klub rəhbərliyi qərar verir. Ancaq istər-istəməz təsir edir. Bilirsiniz ki, Elşad müəllimin gedişatından sonra Rövşən Babayev gəldi. Sonra isə İqor Ponomaryov gəldi. Bizim əsas işimiz verilən tapşırıqları yerinə yetirməkdir. Məşqçi kim olur olsun. İqor Ponomaryov gələndən sonra komanda heç də pis çıxış etmir. “Səbail”ə qalib gəldik, “Zirə” ilə heç-heçə , “Qəbələ”ni isə səfərdə məğlub etdik.
–Səncə uğur qazanmaq üçün Elşad Əhmədovda nə çatışmırdı?
-Deməzdim ki, Elşad Əhmədovda nəsə çatışımırdı. Bunu demək mənim üzərimə düşməz. Onun vaxtında da pis oynamırdıq. Ancaq nəticə olmurdu. Nəticə olmayanda isə məşqçi dəyişikliyi olur. Bu isə dediyim kimi bizim işimiz deyil. Buna rəhbərlik qərar verir. Yəqin ki, onun işindən narazı olduqları üçün bu qərarı veriblər. Ancaq mən demzədim ki, komanda Elşad müəllimə görə xal qazanmırdı.
–Cəza səbəbindən oyunlara kənardan baxırsan. Üstəlik “Sabah”ın müdafiə xətti də yaxşı durumda deyil. Səncə yerin görsənir?
-Həqiqətən oyunlara kənardan baxmaq mənim üçün çox ağırdır. İki oyundu meydana tribunadan baxıram. İnanın ki, ən az 10 il qocalmışam (gülür). Oyuna baxanda istər-istəməz epizodları yaşayırsan, bəzən özündə müəyyən şeyləri dəyərləndirirsən. Qısacası, oynamaq daha yaxşıdır. Yerimin görünüm-görünmədiyini mənim deməyim düzgün olmaz. Ancaq itkilərimiz var. Ruslan Abışov, Coşqun Diniyev, Rəşad Eyyubov kimi itkilərimiz var. Amma belə bir vəziyyətdə də qələbə qazana bilməyimiz çox sevindiricidir.
-Bəzən oyununla yanaşı intizamsızlığınla da gündəmə gəlirsən. Buna münasibətin necədi?
-Sonuncu dəfə “qırmızı” aldıqdan sonra açıqlama vermişdim. Mən karyeram ərzində başqa vaxtlarda da qırmızı vərəqə görmüşəm. Ancaq heç vaxt belə aqressiv olmamışdım. Bu haqda sosial şəbəkə hesabımdan da yazmışam. O epizodda qətiyyən “qırmızı”nı haqq etmirdim. Dünyanın hər yerində oyun bitdikdən sonra futbolçular gəlib hakimə nəsə söz deyirlər. Hansısa epizodu müzakirə də edə bilərlər. Bir var sən hakimin üstünə gedib qışqırasan, təhqir edəsən bu ayrı. Ancaq mən ona normal şəkildə yaxınlaşıb, sözümü dedim. Sonra da başımı aşağı salıb uzaqlaşırdım. Ancaq hakim mənə buna görə ikinci sarı vərəqədən “qırmızı” verdi. Ondan sonra isə mən özümdən çıxdım. Təbii ki, durduğum yerdə qırmızı vərəqə görməyim məni özümdən çıxardacaq. Heç bir hakimi qarşıma almaq istəmirəm. Ola bilər Təmkin adı onlarda qərəz yaradır. Mən də çempionat oyunlarını izləyirəm. Hakimlərimiz elə epizodlara göz yumurlar ki. Heç həmin şeyləri mən etsəm bağışlamazlar.
–Bəziləri sənin Xorvatiyaya qol vurduqdan sonra artıq başqa cür davrandığını iddia edir. Bu barədə nə düşünürsən?
-Bu söhbətlər həmişə olacaq. Bura Azərbaycandır. Biz belə söz-sözbətlərə öyrəşmişik. Mənim haqqımda kimin nə düşündüyü çox da maraqlı deyil. Mən Xorvatiyaya qol vurduqdan sonra məşqlərdə necə bir performans göstərdiyimi uşaqlar da təsdiqləyə bilər. Mən o qolla yerimdə saymaq niyyətində deyiləm. Ondan sonra Bəhreyn görüşündə də fərqlənə bildim. Macarlarla oyunda da əlimdən gəldikcə vuruşurdum. Heç bir axrayınçılıqdan söhbət gedə bilməz. Biz hələ neyləmişik ki? Biz hələ futbolu təzə-təzə başlamışıq oynamağa. Messi, Ronaldo deyilik ki, ayağımızı ayağımızın üstünə qoyub arxayanlaşaq.
–Səncə haqqında çıxan bu son söz-söhbətlər sənin milli komandaya dəvət almana təsir edəcək?
-Mən bütün hallarda məşqçinin qərarına hörmətlə yanaşacam. Mən özüm də heyəti səbrsizliklə gözləyirəm. Əgər dəvət almasam, yəqin ki, qırmızı vərəqəyə görə, buraxdığım iki oyun üçün olacaq. Amma ağlıma heç çağırılmayacağım gəlmir. İnşallah, heyətdən olacam.
Həsən