Topaz Premyer Liqasının 5-ci turunda “Simurq” səfərdə “İnter”lə qarşılaşdı. Oyunun gedişində hesabda geri düşən Zaqatala təmsilçisi ikinci hissənin sonlarına yaxın vurduğu qollarla əzmkar qələbə qazandı – 2:1.
İdmanxeber.com sizi oyun sonrası məşqçi fikirləri ilə tanış edir:
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Çətin və maraqlı oyun oldu. Son iki oyunda məğlub olmuşduq, “qara zolaq”dan çıxmaq üçün bizə qələbə lazım idi. Standard vəziyyətdən buraxdığımız qol bizi ikinci hissədə dəyişikliklər etməyə məcbur etdi. Oyunçular verilən tapşırıqların öhdəsindən gəldi, komandamı təbrik edirəm”.
Roman Cəfərov, “İnter” klubunun məşqçisi: “İlk hissədə yaxşı oynadıq, topa daha çox nəzarət edirdik. İkinci hissədə isə kobud səhvlərdən iki qol buraxdıq. Gələcək oyunlarda daha yaxşı oynamağa çalışmalıyıq”.