27 Dekabr 2024
Kateqoriyasız

“İnter”in oyunçuları millilərdə: qol və qol ötürməsi

Məlum olduğu kimi, dünən milli komandaların yoldaşlıq matçları keçirildi.

İdmanxeber.com-un məlumatına görə, “İnter”in 7 futbolçusu milli komandaların düşərgəsinə yollanmışdı.

Belə ki, Vaqif Cavadov, Ruslan Əmircanov və Abdulla Abasiyev Azərbaycan milli komandasına dəvət edilmişdilər. Bu, Abdulla Abatsiyev üçün milli komandaya ilk dəvət idi. Filippinlə oyunda gənc oyunçuya debüt etmək müyəssər olmadı. Lakin Vaqif Cavadov və Ruslan Əmircanov start heyətində meydana çıxdılar. Cavadov 65 dəqiqə meydançada oldu və qol ötürməsilə fərqləndi, Əmircanov isə 80-ci dəqiqədə əvəzləndi. Azərbaycan yığması bu görüşdə 1:0 hesabıyla qalib gəldi.

Ölkəmizin gənclərdən ibarət milli komandasına “İnter”in iki futbolçusu – İlqar Ələkbərli və Azər Salahlı dəvət edilmişdi. Moldovayla keçirilən oyunda hər iki futbolçu meydana ikinci hissədə çıxdılar: Salahlı fasilədən dərhal sonra, Ələkbərli isə matçın 70-ci dəqiqəsində meydanda göründü. Məhz Azər Salahlının dəqiq zərbəsi Azərbaycanı məğlubiyyətdən xilas etdi – 1:1.

Lixtenşteynlə yoldaşlıq matçı ərəfəsində Gürcüstan milli komandasının heyətinə “İnter”in iki futbolçusu – Baçana Sxadadze və Laşa Salukvadze dəvət almışdılar. Salukvadze meydana çıxmadı, Sxadadze isə matçın 60-cı dəqiqəsində mübarizəyə qoşuldu. Nəticədə Gürcüstan millisi rəqibini 2:0 hesabıyla məğlub etdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43