22 Oktyabr 2024
Kateqoriyasız

İntihar!

Açığı, özüm də təəccüb edirəm. “Xəzər Lənkəran” haqqında dağılandan sonra yazdığım yazılar bu klubun yarandığı vaxtdan dağılanadək olan dövrdə yazdıqlarımdan daha çoxdu. Bəlkə də bu, sovet dövründən qalma, əzilənin yanında olmaq psixologiyasıdı. Halbuki müasir dövr daha çox güclünün yanında olmağın faydalı olduğunu diqtə edir.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində söylədiyi nitqində xaricdə yaşayan, böyük maliyyə imkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət edərək, onları Azərbaycanda biznes qurmağa, ayrı-ayrı sahələrə investisiya qoymağa çağırıb.

Biz idman mətbuatı olduğumuzdan, yalnız özümüzə aid olan sahəyə toxunacağıq. Dövlət başçısının bu addımı alqışalayiqdi. Amma belə bir investisiya futbolda Mübariz Mənsimov tərəfindən artıq qoyulmuşdu. Türkiyədə fəaliyyət göstərən iş adamı olan bu şəxs Azərbaycanda “Xəzər Lənkəran” klubunu bərpa etmiş, eyni zamanda da kənd təsərrüfatı sektoruna sərmayə qoymuşdu. Mənsimov Türkiyədə hansısa nazir postunu tutub, əlindəki inzibati resurslardan istifadə edərək, camaatın çörəyini əlindən alıb rahat pullar qazanmaqla varlanmayıb. Hətta nazir olsaydı belə, həmin ölkədə belə işlər mümkün olmazdı və cinayət sayılardı. Mənsimov Türkiyədə alın təriylə, öz ağlı, istedadı, zəhməti hesabına milyarder olub. Qazandığı pullardan da gətirib Azərbaycanda qarşılığını almadan xərcləyib. Deyilənə görə, sonuncu dəfə klub rəhbərliyindən 300 milyonun hara getməsinin hesabını soruşub.

Ticarət sahəsində çalışanlar bilir ki, bir biznesmen, bir sahibkar üçün pula həmişə ehtiyac var və vəsait çatışmazlığı həmişə olur. Çünki onlar daim yeni yatırımlar edirlər və bunun üçün pul qıtlığından əziyyət çəkirlər. Mübariz Mənsimov “Xəzər Lənkəran”a xərclədiyi pula neçə-neçə əlavə tanker alardı və bu tankerlər həmin qoyulan pulu artıqlaması ilə özünə qaytarardı. Amma Mənsimov gəlirinin müəyyən bir qismini qoyduğu pulun qayıtma ehtimalının faizi yüksək olan sahəyə yox, bu pulun qayıtmayacağına əmin olduğu sahəyə yatırım etdi. Bir biznesmenin belə addımı ticari nöqteyi-nəzərdən birmənalı qiymətləndirilmir, daha dəqiqi, səhv addım sayılır. Biznesmen ölçüb-biçməli və qoyduğu pulun mümkün qədər tez özünə qayıdacağı, daha sonra da xeyir verəcəyi ehtimalı yüksək olan sahəyə yatırım qoymalıdı.

Bəs niyə çox gənc yaşlarında milyarder olmuş, yəni ağlı, düşüncəsi, məntiqi yerində olan bu adam belə addım atıb? Bunun səbəblərindən biri yəqin ki, onun vətənpərvər olması, vətənini sevməsidi. İstənilən adama pulunun boş yerə xərclənməsi pis təsir edir. Yalnız bir əzizi, doğması üçün bunu etdikdə bəlkə də onu yandırmır. Yalnız vətənini əziz tutan, ona qəlbən bağlı olan adam malından keçə bilər.

Amma ticarət elə bir sahədi ki, burda hisslərə qapılmaq olmaz. Bu sahə soyuqqanlılıq və praqmatiklik tələb edir. Əks halda, müflisləşib sıradan çıxa bilərsən və bu zaman mücərrəd anlayış olan vətən də sənə kömək etməyəcək. Bu baxımdan, Mübariz bəyin vətənpərvərlikdən irəli gələn addımını həm də eyni zamanda, gənclikdən irəli gələn təcrübəsizlik saymaq olar.

Digər sahələri bir yana qoyaq, Azərbaycanda futbola sərmayə qoymağın, investisiya yatırmağın intihara bərabər olduğunu desəm, Amerika kəşf etmiş olmaram. İstənilən futbol mütəxəssisi olan, hətta futbol mütəxəssisi olmayan da bunu bilir. Nə qədər adam özünü “yandırıb”? Bir neçəsini mən xatırladım…

90-cı illərdə Riad” firması, prezidenti “Neftçi”yə sponsorluq edirdi, səhv eləmirəmsə adı Rasim Rəfiyev idi. “Neftçi”yə bütün pullarını tökdü, bununla da müflisləşib sıradan çıxdı. Sonralar onu heç adam yerinə qoyan da yox idi, şəkər xəstəliyinə tutulmuşdu və səfalət içində ölüb getdi. “Vikipediya”nın “Neftçi”yə aid bölümündə “ağ-qaralar”ın prezidentlərinin sırasında heç adı da qeyd edilməyib.

“Bakı” klubu “Dinamo” adı ilə yarananda Səttarxan adına zavodun direktoru Əyyam Musayev zavodun pullarını bu kluba tökdü və sonradan infarkt keçirərək öldü. Elə “Bakı”nın sonrakı prezidenti Hafiz Məmmədovu da bu siyahıya salmaq olar. Bunlardan başqa, adını xatırladığımız və xatırlamadığımız onlarla adam olub ki, futbola pul xərcləməklə özünü “yandırıb”.

Azərbaycan futboluna pul yatırmaq biznes nöqteyi-nəzərdən axmaqlıq sayıla biləcək qədər risklidi. Sahibkarlıq riski sevir. Amma bizim futbola pul yatırmaq, daha çox risk etmək adıyla çıxıb özünü qayanın başından atmağa bənzəyir, hansı ki, sağ qalmaq ehtimalı 0,00000…1 faizdi.

Biletdən gəlir yox, reklamdan gəlir yox, teleyayımdan gəlir yox: bu, məsələnin maddi tərəfi. Digər tərəfdən, hələ bilinmir çempionat zamanı başına nə oyun gətirəcəklər. Çempionatı keçirməyə cavabdehlər, yarışı normal keçirmək əvəzinə, orda oturub öz korrupsiya maraqlarını güdəcək və bununla da səni həm də futboldan iyrəndirəcəklər.

Sözümün canı odu ki, Azərbaycanda futbola yatırım etmək əsl fədakarlıqdı. Bəs belə fədəkarlıq göstərən adama, məsələn, Mənsimova münasibət necə olmalıdı? Məntiq deyir ki, belə adama hər cür şərait yaradılmalı, məcazi mənada desək, əl üstündə gəzdirilməlidi. Ancaq belə oldumu? Hamımız bilirik ki, yox. “Xəzər Lənkəran”ın başına açılmayan oyun qalmadı. Bilmirəm bu oyunların açılması üçün göstərişin səviyyəsi nə qədər yüksəkdən olub. Amma onu bilirəm ki, bu haqsızlıqlara qarşı yüksək səviyyələrdə susmaq elə göstəriş verməyə bərabərdi.

Dövlət başçısının çıxışlarından, müsahibələrindən aydın görmək olur ki, o, Azərbaycanın inkişafını istəyir. Elə son çıxışında da xarici ölkələrdə yaşayan iş adamlarına səslənməsi, onları ölkəmizə investisiya qoymağa dəvət etməsi buna sübutdu. Amma yerlərdə bunun icra edilməsi nə dərəcədə həyata keçiriləcək? Öz sahəmizdən misal göstərək. Yəni sabah xaricdə pul qazanan iş adamımız gəlib futbola pul qoysa, o, heç olmasa ən azı bundan mənəvi zövq almalıdı. O, bu zövqü ala biləcəkmi? Yəni pul qazanmasa da, heç olmasa komandasının oyunundan, qələbəsindən ləzzət yaşamalıdı. Tutalım, o sabah komanda alıb Azərbaycan Premyer Liqasına buraxsa, həmin biznesmenin komandasının başına cürbəcür oyunların açılmayacağına kim təminat, zəmanət verə bilər? Axı çox yaxın keçmişdə, gözümüzün qabağında “Xəzər Lənkəran” nümunəsi olub.

Məmməd Mirzə

komanda.az



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43