“Azərbaycanda çox yaxşı iki il keçirmişəm. Orada gözəl xatirələrim olub. “Qəbələ” ilə yaxşı nəticələr qazandıq. İndiki durumlarından xəbərim var. “Qəbələ”ni sonuncu sırada görmək üzücüdür”.
Bu sözləri İdmanxeber.az saytına “qırmızı-qaralar”ın sabiq futbolçusu İsnik Alimi deyib. Hazırda Rumıniyanın “Sepsi” klubunda top qovan yarımmüdafiəçi daha sonra belə davam edib:
“Qəbələ” üçün indi çətin dövrdür. Amma bu vəziyyətdən çıxacaqlarına inanıram. Çünki komandanın təcrübəli baş məşqçisi, yaxşı futbolçuları var. Zamanla hər şey qaydasına düşəcək. Bu klub sonuncu sıraya layiq deyil”.
29 yaşlı futbolçu Rafael Utziqin ardından özünün də Azərbaycana qayıdıb-qayıtmama ehtimalını belə dəyərləndirib:
“Komandamla 2 illik müqaviləm var. Yenidən oraya qayıtmağım barədə heç nə deyə bilmərəm. Çünki “Sepsi” ilə 2 illik sözləşmə bağlamışam. Bu komandanın hədəfləri üçün əlimdən gələni etməliyəm. Hazırda yalnız bu barədə düşünürəm. Kiçik bir zədəm var. Ancaq klubda hər kəs məni səbrsizliklə gözləyir. Tez vaxtda qayıdıb özümdən gözlənən performansı sərgiləməliyəm”
Həsən Quluzadə