Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Millətlər Liqasında Belarusa qarşı matçdan öncə fikirlərini bildirib.
İdmanxeber.az xəbər verir ki, italiyalı mütəxəssis oyunöncəsi mətbuat konfransında bunları deyib:
“Belarusla oyuna hazırıq. Ola bilər ki, Belarus Qazaxıstandan daha güclü komandadır. Buna uyğun hazırlıq görürük. Futbolda ən vacib olan nəticədir. Qazaxıstanla görüşdə qol imkanlarımız oldu, topla yaxşı rəftar etdik. Amma bu şansları dəyərləndirə bilmirsənsə, qalib gələ bilmərsən. Təəssüf ki, biz də məğlub olduq. Rəqibin cəmi 2 zərbəsi oldu, hər iki halda top qapıdan keçdi. Bizim isə 15 zərbəmiz var idi”.
De Byazi Belarusun standart vəziyyətlərdən təhlükəli olduğunu vurğulayıb: “3 mərkəz müdafiəçi ilə oynayırlar. Çox fantaziyası olmayan komandarır. Təxminən bizimlə eyni səviyyədədirlər. Boyları uzundur, standart vəziyyətdən təhlükəli ola bilərlər. Amma onların oynaması bizdən asılı olacaq. İstəməsək, oynaya bilməzlər. Necə ki, Qazaxıstana ilk hissədə oynamaq imkanı verməmişdik. Xarakterli olmalıyıq. Bilirəm ki, komandamızın yaxşı keyfiyyətləri var”.
Baş məşqçi sabahkı matçın “11-liy”ini hələ müəyyənləşdirmədiyini deyib: “Heyətlə bağlı dəqiq qərar verməmişəm. Bu gün kimin özünü fiziki cəhətdən necə hiss etdiyinə baxacağıq. Uzun yol qət etmişik. Kimsə daha tez bərpa olur, kimdəsə bu alınmır. Çalışacağıq balansı itirməyək və matçda yaratdığımız imkanlarından düzgün yararlanaq”.
Sabah Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Yığma ilk matçında səfərdə Qazaxıstana 0:2 uduzub.