08 Yanvar 2025
Ölkə futbolu

“Juninyo getsə də, bizim Nərimanımız, Musamız var”

“Qarabağ”ın hücumçusu Olavio Juninyonun komandadan ayrılacağı ehtimal yüksəkdir. Bir müddətdi yerli və xarici mətbuatda braziliyalının “Sevilya”ya transfer olunduğu yazılır. Hələlik bu keçid reallaşmasa da, qısa vaxtda məsələnin həll olacağı gözlənilir. 

Müzakirə olunan məsələlərdən biri də Juninyonun mümkün transferinin komandaya nə qədər təsir edəcəyidir. Cari mövsüm avrokuboklarda məhsuldarlıq problemi yaşayan Ağdam təmsilçisinin braziliyalı forvardın gedişindən sonra işləri daha da çətinləşə bilər. Juninyonun ayrılığının komandaya nə dərəcə təsir edəcəyini millimizin sabiq hücumçusu Samir Musayevlə danışdıq.

O, İdmanxeber.az saytına 28 yaşlı hücumçunun “Sevilya”ya mümkün transferini belə şərh etdi:

“İnanmıram ki, Juninyonun gedişi “Qarabağ”ı zəiflətsin. Amma yenə də o, komanda üçün önəmli futbolçu idi. Ümid edək ki, “Qarabağ” Juninyodan da yaxşı hücumçu ala biləcək. Hazırda heyətdə Nəriman Axundzadə və Musa Qurbanlı kimi gənc hücumçular  var. Onların yetərincə təcrübələri olduğuna inanıram. Bəli, Juninyonun yeri görsənəcək, amma “Qarabağ” bir oyunçudan ibarət deyil. Braziliyalı getsə də, bizim Nərimanımız, Musamız var. Onlar Premyer Liqada yaranan boşluğu tamamlaya bilər. Ola bilsin ki, avrokuboklarda əlavə hücumçu transferinə ehtiyac duyulsun. Amma mən yenə də yerli forvardlarımıza inanıram”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43