05 Dekabr 2024
Ölkə futbolu

Kənan Kərimov üsyan etdi: “Tural Qurbanov kimi hakimlər futboldan uzaqlaşdırılmalıdı”

Azərbaycan I Liqası VIII turu çərçivəsində keçirilən “Karvan” – “Qəbələ” matçının ardından ciddi narazılıq yaranıb.Qəbələ klubunun 1:0 hesabı ilə qalib gəldiyi görüşdə ev sahibi komanda hakim idarəçiliyindən narazı qalıb.

Görüşün baş hakimi Tural Qurbanovun oyunda verdiyi/vermədiyi qərarlar “Karvan” tərəfini özündən çıxarıb. Xüsusən də görüşün 35-ci və 90-cı dəqiqədə “Qəbələ”nin cərimə meydançasında baş verən epizodlarda ev sahibi komanda penalti gözləyib.

Lakin referi onlarla razılaşmayaraq matçı davam etdirib. Bunun ardından yerli azarkeşlər, futbolçular Qurbanova sərt təpki göstərib.

Matçdan sonra “Karvan”ın baş məşqçisi Kənan Kərimovun oyunla bağlı fikirlərini öyrəndik. Təcrübəli mütəxəssis İdmanxeber.az saytına verdiyi açıqlamada oyunun hakimi Tural Qurbanov barədə sərt ifadələr səsləndirdi:

“Biz “Qəbələ”yə yox, oyunun hakiminə məğlub olduq. Qeyri-peşəkar hakimlər liderliyimizi əlimizdən aldı. Bu biabırçılığı nə ad vemək olar bilmirəm. Kimdi bu hakimlərin arxasında duran, kimdi bunlara belə sərbəstlik verən? Bu gücü hardan, kimdən alırlar ki, rahatlıq belə haqq yeyə bilirlər? Oyun barədə heç nə deyə bilmirəm. Komandam mübarizə apardı, xarakter göstərdi. Ancaq Tural Qurbanov komandamın haqqını yedi. Biz görüşün hakimlərinə qarşı oynadıq. Onlar istədiklərinə nail oldular. Bunlar barədə ölçü götürülməli, cəzalandırılmalıdırlar. Belə hakimlər futboldan uzaqlaşdırılmalıdı. Dediyim sözlər bütün hakimlərə aid deyil. Bəzilərinin qüruru, mənliyi olur. Hələ MOİK oyunundan bizə qarşı “əməliyyat” başladı. Son dəqiqələrdə biabırçı penalti təyin edildi qapımıza. İndi də bu oyunda başımıza oyun açdılar. Buradan səlahiyyətli şəxslərə, Hakimlər Komitəsinə səslənirəm ki, vicdanı olanlar bu epizodlara diqqətlə baxsın. Bu məsələni araşdırsınlar. Nə qədər ki, belə hakimlər futboldan silinməyib, cəzalanmayıb Azərbaycan futbolu inkişaf edə bilməz”.

Mübahisəyə səbəb olan epizodları təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43