22 Oktyabr 2024
Kateqoriyasız

“Kənardan bizə kömək edən olmayacaq” – “Səbail”in kapitanı

“Səbail”in kapitanı Rahid Əmirquliyevin İdmanxeber.az saytına müsahibəsi.

-“Zirə” ilə matçda xal qazana bilmədiniz. Bu oyun haqda nə deyə bilərsən?

Səfərdə oynadığımız üçün görüşə müdafiədə başladıq. İlk hissədə yaxşı çıxış edə bilmədik. Dəqiqələr keçdikcə özümüzə gəlirdik. Ümumiyyətlə, yaxşı hazırlaşmışdıq, qalib gəlmək istərdik. Çoxdandır qələbə qazana bilmirik. Turnir cədvəlində yuxarılara oynamaq niyyətimiz var. Əslində bir xal da bizim üçün pis deyildi. Təəssüf ki, alınmadı. Lazımı nəticəni ala bilmədik.

– Mahmud Qurbanov komandaya müdafiədə oturmağı demədiyini və bunun səbəblərini öyrənəcəyini bildirdi. Səncə, baş məşqçi nəyə işarə vurur?

Onu bilmirəm nəyə işarə edir. Ancaq düz deyir, bizdən müdafiədə oturmağı tələb etməyib. Hər zaman hücum futbolu oynamağımızı istəyir. Ancaq hamıya qarşı belə oynamaq çətindir. Elə görüşlər var ki, istər-istəməz rəqib səni müdafiədə oturmağa məcbur edir. Nəyə işarə vurduğunu isə özü sizə izah edər (gülür).

-“Zirə”ylə oyunun sonunda Rəşad Sadıqovla xoşagəlməz diaoluqunuz oldu…

-Xoşagəlməz deməzdim, elə də böyük bir şey olmadı. Rəşadı çoxdan tanıyıram, bir-birimizə hörmətimiz var. Oyunda belə şeylər olur, qeyri-adi heç nə yox idi.

-Ümumiyyətlə, komandanın qeyri stabil çıxışı nə ilə bağlıdır? Niyə “Səbail” belə bir büdcə və yaradılan imkanla aşağı səviyyədə çıxış edir?

Bəli, qeyri-stabil çıxış edirik. Bəzi şeylər var. Məsələn, komanda yenidir, legionerlər təzə qoşulub heyətə və.s. Düzdür, bunlardan bir müddət keçib. Artıq çempionata uyğunlaşmalı idik. Ancaq alınmır, bunların səbəblərini dəqiq bilmirəm. Bizim də yaxşı futbol oynamaq niyyətimiz var. Bu, bəzi oyunlarda alınsa da, bəzən də alınmır. Ümid edirəm ki, məşqçilər heyəti bu məsələni həll edəcəklər.

-Qurbanov sənə az şans verir… 

Son vaxtlar meydanda az oluram. Bu haqda nəsə deməyim düzgün deyil. Məşqçi belə qərar verir. Nə zaman şans verilsə, çalışıram komandaya kömək edim. Qərar verən odur, mənim artıq nəsə deməyim düzgün olmaz.

-14 oyuna 10 xal yığımısınız. Nəticəni qənaətbəxş etmək olar?

Əlbəttə, yığılan xal azdır. Biz daha çoxunu fikirləşirdik. Turnir cədvəlində yeddinciyik. Bu, bizə qanə edə bilməz. Bizim çox yaxşı komandamız var. Daha fərqli olmalıyıq. Buna layiq komandamız, heyətimiz də mövcuddur. Gücümüz zəif deyil. İndiyə qədər bunu göstərə bilməmişik. Bəzi qarşılaşmalarda daha çox xal qazana bilərdik. Üstümüzə düşən qarşıdakı matçlarda maksimum performans göstərməkdir.

-Yaxşı nəticə qazanmağınıza nə və ya kim mane olur?

Nəticəni özümüz qazanmalıyıq. Kənardan bizə mane olan yoxdur. Belə baxanda, kənardan bizə kömək də olmayacaq. Nə edəcəyiksə, özümüz edəcəyik. Bu durumdan çıxmalıyıq.

-Qarşıdan kubok oyunları gəlir. Belə durumda iki cəbhədə də komandanın çıxış edəcək gücü var?

Orada da davam etmək, yaxşı nəticə qazanmaq istəyirik. Kubok avrokuboklara qatılmağın ən qısa yoludur. Bütün klublar bu turnirdə uğur qazanmaq niyyətindədir. Hər nə qədər divizion təmsilçisi MOİK-lə oynasaq da, rahat matç olmayacaq. İlk görüş səfərdə olacaq, bildiyim qədəriylə stadionda ot örtüyü yaxşı vəziyyətdə deyil. Ancaq hələ vaxta var, çalışıb mərhələni keçməliyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43