“Qəbələ”yə qarşı yaxşı oynadıq. Onları avrokuboklara vəsiqə qazandıqları üçün təbrik edirəm. Ən azından bir xal almaq istəyirdik, bunu da bacardıq”.
Bu sözləri idmanxeber.az saytına mövsümü icarə əsasında “Kəpəz”də keçirən Abdulla Rzayev “Qəbələ” görüşü (1:1) barədə danışarkən deyib. 21 yaşlı oyunçu mövsümün Gəncə klubu üçün uğurlu keçdiyini bildirib:
“Əvvəlcə bütün azarkeşlərə təşəkkür edirəm. Oyunlarda bizi dəstəklədilər, tək qoymadılar. Əsas hədəfimiz Premyer Liqada qalmaq idi, bunun da öhdəsindən gəldik. Stadionun təmirə getməsi bizə çox çətinlik yaratdı. Çünki Gəncədə oynamaq bizim üçün əlavə üstünlük, rəqiblərə isə daha çətin idi. Ancaq tərəfdarlar sağ olsunlar, bizi Qəbələdə də tək qoymadılar”.
Müqavilə ilə “Sabah”a məxsus olan gənc futbolçu gələcək karyerası barədə də danışıb. O, Gəncə təmsilçisində qalıb-qalmayacağının bəlli olmadığını bildirib:
“Mövsümboyu “Kəpəz” üçün əlimdən gələni etməyə çalışdım. Burada icarə əsasında çıxış edirdim. Müqaviləm də mövsümün sonuna qədər idi. Artıq sözləşmənin müddəti bitib. Hələ ki, burada qalıb-qalmayacağımı bilmirəm. Rəhbərliklə heç bir görüşüm olmayıb. Yəqin ki, yaxın vaxtda “Kəpəz”lə danışıq olacaq. Gəncədə oynamaq mənə çox xoş idi. Əsas odur ki, gərgin keçən mövsümün ardından istədiyimizə nail olduq.
“Kəpəz”də olduğum müddətcə yalnız klubun hədəflərinə kökləndiyim üçün karyeram barədə çox düşünməmişəm. Artıq çempionat bitib, konkret qərar verməliyəm. Dediyim kimi, müqavilə ilə “Sabah” klubuna məxsusam. Hazırda ayrı klublardan da təkliflər var, həmin komandaların adını çəkmək doğru olmaz. Hamısını dəyərləndirməyə çalışacam”.
Həsən Quluzadə