Kateqoriyasız

“Kəpəz”də əvəzedilməz futbolçu yoxdu” – Tərlan Əhmədov

Misli Premyer Liqasının XI turunda “Kəpəz” səfərdə “Qəbələ”lə ilə heç-heçə oynayıb – 1:1.

İdmanxeber.az saytının məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında Əhmədov görüşü belə şərh edib:

“Bura 3 xal üçün gəlmişdik. Ardıcıl iki məğlubiyyətdənm sonra qələbə qazanmaq istəyirdik. Çox ciddi hazırlaşmışdıq matça. Bu gün oturuşmuş komandaya qarşı oynadıq. İlk dəqiqələrdən komandada həyəcan hiss olunurdu. Matçın əvvəlində səhvlər var idi. İlk yarıda oyundan razı qalmasam da, fasilədən sonra daha yaxşı çıxış etdik. Bilirdik ki, “Qəbələ” əks-hücuma üstünlük verəcək. Fərid Nəbiyevi oyunu gücləndirmək üçün meydana buraxdıq. Bunun da faydasını gördük. “Qəbələ”dən səfərdə 1 xal almaq yaxşı nəticədi. Komandanı bu nəticəyə görə təbrik edirəm. Amma görəcəyimiz iş çoxdu”.

– Komandanızın oyunundakı irəliləyiş hiss olunur. Bu heyətlə bugünkündən daha da artığını göstərmək mümkündür?

– Əlbəttə mümkündür. Bəzi futbolçuları nizam-intizamı düzəltmək üçün cəzalnadırmışam. Komanda ilk 7 turda uduzmuşdu. Ona görə də bura gələrkən çox düşündüm. Lakin oyunları izlədikcə gördüm ki, nəsə eləmək olar. İlk məşqlərdən görünürdü ki, ruh düşkünlüyü var. Sanki komandada küskünlük vardı. Lakin zamanla dəyişiklik hiss olunur. Hətta “Sabah”a 0:5 hesabı ilə uduzanda da öz səhvlərimizdən məğlub olduq. “Neftçi” ilə matçda qırmızı vərəqə planlarımızı pozdu. Bu gün də göründü ki, bu heyətlə də yanvara qədər uğurlu çıxış etmək olar. Hazırda 4 zədəli futbolçumuz var.  Onlar qayıtdıqdanh sonra başqa bir “Kəpəz” görəcəksiniz. “Kəpəz” sonuncu pilləni tutmayacaq. Komanda öz layiqli oyunu ilə pərəstişkarlarını sevindirəcək.

– Yaşar Vahabzadə ilə münasibətiniz necədir?

– İlk bura gələn gün danışmışam onunla, halallıq almışam. Sonradan hər hansı söhbətimiz olmayıb. Yaşar müəllim məndən incəməməlidi, mən də ondan inciməməliyəm. Yaşar bəy yaşda məndən böyükdü. Futbolçu kimi ondan çox şey öyərnmişəm.

– Rauf Əliyevin əsas komandaya qayıtması mümkündü?

– Mənim üçün bu məsələ bağlanıb. Yanvarda heyətdə dəyişikliklər olacaq. Komanda güclənməlidi. Akademiyada da bacarıqlı uşaqlar var. Artıq 17 yaşlı bir oyunçunu əsas heyətə cəlb etmişik.

– Bəzən futbolçularınızın səhvlərinə çox sərt raksiya verirdiniz. Heyətdə sizi infarkt həddinə çatdıracaq futbolçular çoxdu?

– Bizim işimiz emosional işdi. Bu gün daha rahat, daha yaxşı oynaya bilərdik. Oyundan öncə verdiyimiz tapşırıqlar yerinə yetirilməyəndə, məhz dediyimiz səhvləri meydanda görəndə çox əsəbləşirdim. Tək futbol yox, həyat da əsəb halına gəlib çatıb. İstəyirəm qurduğum komanda daha rahat olsun. Hərdən düşünürəm ki, bu gedişlə “şəkər” tutacam.

– Yeni qapıçı transferi gözlənilirmi?

– Xorvat qapıçını heyətə cəlb etsək də, sənəd problemi ilə qarşılaşmışıq. Ona görə də hələ ki Orxan Sadıqlıya şans veririk. Tək qapı yox, bir neçə xətti gücləndirməliyik.

– Rauf Əliyev kimi əvəzedici heyətə göndərdiyiniz Əli Səmədov da I Divizionda qol vurub. Onu yenidən əsas komandaya qaytarmağınız mümkündü?

– Rauf məsələsinə bir daha qayıtmaq istəmirəm. Mənim üçün birinci növbədə nizam-intizamdı. Amma Əli Səmədov əsas heyətə qayıda bilər. Mən demişəm ki, bir müddət əvəzedici heyətdə olacaq. Müəyyən səhvləri vardı. Ola bilər düşünüb ki, gəncəli olduğu üçün güzəşt olunacaq. Amma burda əvəzedilməz futbolçu yoxdu. Futbolçu meydana çıxanda komandasının uğuru üçün çalışmalıdı.

– Qışda daha çox legioner transfer edəcəksiz, yoxsa yerli?

– Əcnəbilər də olacaq, amma çalışırıq ki, yerlilərin sayı çox olsun.

– Bu transferlər üçün büdcədə pul var?

– Gedənlər olacaq. Onların da ödənişlərini yeni futbolçulara xərcləyəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43