“Kəpəz” Gürcüstan millisinin futbolçusu Giorgi Papunaşvilinin transferini bitirməyə yaxındı. Yarımmüdafiəçin sabah Azərbaycana gəlməsi gözlənilir.
27 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Samtrediya”, Serbiyanın “Radniçki”, İspaniyanın “Real Saraqosa” və başqa klublarda çıxış edib. nun son iş yeri isə ölkəsinin “Telavi” kollektivi olub.
Papunaşvilinin karyerası zəngin olsa da, onun son 4-5 ildə cəmi 61 matçda meydana çıxdığını da qeyd etmək lazımdı. Futbolçu bu oyunların əksəriyyətində meydana daha sonradan daxil olub. Oyun qurucusu olan Papunaşvili bu dövrlər ərzində qol vurmağı da bacarmayıb və cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçu son il yarımda 3 dəfə komanda dəyişməklə də diqqət mərkəzinə düşüb. Getdiyi heç bir klubda ondan gözləniləni verməyən yarımmüdafiəçi 2020-2022-ci mövsümündə cəmi 16 matçda meydanda olub ki, bu dövr ərzində də heç nə ilə fərqlənməyib.
Maraqlıdır, yarımmüdafiə xəttində oyun qurucusuna ehtiyacı olan və bu problemi gürcüstanlı futbolçu ilə həll etmək istəyən Gəncə klubunun məşqçilər korpusu “10” nömrəni hansı üstünlüklərinə görə komandada görmək istəyiblər? Hələlik statistika Papunaşvilinin “Kəpəz”in problemini həll etmək gücündə olmadığını göstərir.