Müsahibə Ölkə futbolu

Kamal Bayramov: “Rəqiblər büdcə baxımından bizdən çox üstündür” (MÜSAHİBƏ)

“Turan Tovuz”un qapıçısı Kamal Bayramovun İdmanxeber.az saytına müsahibəsi.

-Son iki oyundur məğlub olursunuz. Səncə, əsas səbəblər nələrdir?

–Zədələrimiz var idi. Əsasən gənclərə üstünlük vermişdik. Əlbəttə, təcrübəsizlik sözünü deyir. Son dəqiqələrdə olan diqqətsizlik bizə baha başa gəldi. Rəqiblərdə isə durum fərqlidir. Çox keyfiyyətli futbolçular var. Hər an oyunun taleyini dəyişə biləcək səviyyədədirlər. Mübarizə apardıq, döyüşdük. Ancaq yenə də alınmadı.

-Təcrübəli futbolçu kimi digər komandalarla özünüzü müqayisədə “Turan Tovuz”un heyəti çoxmu geri qalır? Hazırkı heyətlə çempionatda maksimum hara qədər irəliləmək olar?

-Rəqiblər büdcə baxımından bizdən çox üstündür. Lazımı materialı asanlıqla əldə edə bilirlər, heyət baxımından çətinlik çəkmirlər. Bizdə isə tamam əksidir. Legioner oyunçuları Tovuza gətirmək asan deyil. Hamısı Bakıya üstünlük verirlər. Ancaq indiki oyunçulara da haqsızlıq etməyək. Zədələr olmasına baxmayaraq, yenə də meydanda xarakter göstərirlər. Gələcək vəd edən gənclər də komandada mövcuddur. Məncə, bunlar da önəmli işlərdir.

-Büdcədən söz düşmüşkən, maliyyə məsələsi ilə bağlı ayrı problemlər yaşayırsınızmı? 

-Büdcə yetərincə yoxdur deyəndə bunu nəzərdə tutmurdum. Bizim maaşlarımız da, bonuslarımız da vaxtında ödənilir. Qələbəyə, heç-heçəyə belə mükafat verilir. Nəzədə tutduğum klubun ümumi büdcəsidir. Yəni istədiyimiz keyfiyyətdə futbolçuları heyətə cəlb edə bilmirik. Biz məcburuq ki, məhdud büdcə ilə çalışaq. Digər klublardan fərqimiz buradadır. Məsələn, bir futbolçumuz zədələnəndə onun əvəzinə eyni səviyyədə oyunçu daxil ola bilmir. Gənc oyunçu olur meydanda. O da təbii ki, təcrübəsizdir. Elə son qarşılaşmalara diqqət etsəniz son dəqiqələrdə çətinliklər yaşayırıq. Bunun da səbəbi heyətdəki gənc isimlərin sona qədər meydanda diqqətli ola bilməməsi olur. Ümumiyyətlə, özünüz da baxsanız, turnir cədvəlindəki yuxarıdakı beş komanda ilə aşağıdakılar arasında maliyyə fərqi olduqca yüksəkdir. Demək olar ki, çempionat ikiyə bölünüb. Ancaq gənclərin oynamasına o qədər üzülmürük. Çünki o gəncləri də Azərbaycan futboluna qazandırmalıyıq. Bizim qarşımıza onsuzda elə də yüksək hədəf qoyulmayıb.

-Səncə, komandaya konkret hədəfin qoyulmaması müəyyən arxayınlıq yaratmırmı? Yəni belə olan halda oyunçular necə motivasiya olur, qarşıdakı görüşlərə nə cür köklənir?

-Hədəf qoyulmayıb deyəndə nəzərdə tutduğum başqa şeydir. Yəni ki, digər klublarda mövsüm başlayanda məqsəd qoyulur. Ki, biz bu il çempionluq üçün mübarizə aparacağıq. Bunu açıq şəkildə mətbuata da açıqlayırlar. Bizim də özümüzə məxsus hədəflərimiz var. Uzun illərdən sonra Premyer Liqada iştirak edirik. “Turan Tovuz”un bünövrəsini möhkəmləndirmək, şəhərə futbolu qaytırmaq və s… Bunlar hamısı bir hədəfdir. Sadə məsələlər deyil. Möhkəm bünövrə qurmaq, sağlam gələcək üçün çalışmaq özü böyük şeydir. Oyunlara gəldikdə, hamımız qələbə istəyirik, meydana da bunun üçün çıxırıq. Ancaq kifayət qədər futbolçumuz olmadığından bəzi görüşlərdə istədiyimiz nəticəni ala bilmirik. Yəni bizim də özümüzə görə müəyyən hədəflərimiz var.

-Qarşıda “Kəpəz”lə kubok oyununuz var. Mərhələni keçməyi bacaracaqsınız?

-Növbəti mərhələyə yüksəlməyi çox istəyirik. Düzdür, asan deyil. Üstəli qrafik də sıxdır. Çempionat oyunları, ardından kubok görüşü. Maksimum nəticə əldə etməliyik. Əgər növbəti tura qala bilsək, gələn il üçün bizə yaxşı motivasiya olacaq.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43