11 Noyabr 2024
Kateqoriyasız

Kapitanlığı əlindən alınan futbolçu: “Mənə dedi ki, kapitan elə adam olmalıdır ki, onun sözü keçsin”

“Hazırlığımız normal gedir. İki gündür daha çox fiziki məşqlər edirik. Qarşıdakı oyunlara daha fərqli yanaşmalıyıq. Çünki hələ də çempionatda xalımız yoxdur. Bunun fərqindəyik. Açığı, çətin rəqiblərlə oynadıq. Bundan sonrakı təqvimimiz daha asandır. Çalışıb xallar toplamalıyıq”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Əli Səmədov deyib.

25 yaşlı futbolçu komandanın yeni baş məşqçisi Tərlan Əhmədovun gəlişini də şərh edib:

“Məşqçinin dəyişikliyinin nəticəsini zaman göstərəcək. Hər məşqçinin öz oyun stili var. Oynadıqca bunu daha yaxşı görəcəksiniz. Məncə, komanda bundan sonra yaxşı futbol oynayıb, irəli gedəcək. Tərlan müəllimlə uğurlu çıxış edəcəyimizə çox inanıram. O, bizimlə söhbət etdi, hamımızı inandıra bildi. Birlikdə uğursuz zolaqdan çıxacağıq. Amma onu da deyim ki, müsbət nəticə qazana bilməməyimizin səbəblərindən biri də Gəncədə oynamamağımızdır. Bu, bizə çox təsir edir. Düzdür, azarkeşlər bizi tək qoymur, bütün səfərlərə gəlirlər. Yaxın vaxtlarda bu qərarın dəyişəcəyini gözləyirik”.

Səmədov neçə ildir birinci divizionda “sarı-göylər”in kapitanı olsa da, hazırda sarğı Tural Axundovun qolundadır. O, kapitanlığın özündən alınmasını isə belə açıqlayıb:

“Beş ilə yaxın idi “Kəpəz”in kapitanı idim. Yaşar (“Kəpəz”in sabiq baş məşqçisi) müəllim dedi ki, birinci diviziona baxma, bura Premyer Liqadır.  Futbolçular divizionda sənin sözünə qulaq assalar da, Premyer Liqada başqa cür ola bilər. Kapitan elə adam olmalıdır ki, onun sözü keçsin. Mən də onunla razılaşdım”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43