26 Noyabr 2024
Ölkə futbolu

“Karvan”ın futbolçusunun tərbiyəsi yerində deyil”

“Yevlaxda təşkilatçılıq çox yüksək səviyyədə idi. “Karvan” klubunu buna görə təbrik edirəm. Stadionda rəsmi şəxslər, qonaqlar vardı. Oyun da çox yaxşı başladı, ilk hissədə yüksək səviyyədə mübarizə apardıq. Qapımıza verilən penalti epizodu barədə nəsə deyə bilmərəm, şübhəli məqam idi”. 

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan I Liqasında çıxış edən “Mingəçevir” klubunun İdarə Heyətinin sədr müavini Ruslan Həmidov qalmaqallı “Karvan” görüşü barədə danışarkən deyib. O, daha sonra Yevlax təmsilçisinin oyunçusu Müşfiq Teymurovun qonaq azarkeşlərə qeyri-etik jest göstərməsinə münasibət bildirib:

“Həmin futbolçu yan xətt hakiminin gözü qarşısında azarkeşlərimizi təhqir edib, söyüş söyüb. Köməkçi hakim isə baş hakimə heç bir məlumat vermir. Bütün söz-söhbətlər bundan sonra baş verdi. Çəkilişdə də görünür ki, qol vurulandan sonra futbolçu bizim tərəfdarların önünə qaçır. İlk hissədə sarı vərəqə alan Teymurova bu hərəkətinə görə birbaşa “qırmızı” verilməli idi. Ancaq oyunun hakimi dava-dalaş düşəndən sonra ikinci sarı vərəqədən onu meydandan qovur. Həmin anda isə Müşviq Teymurov bizim oyunçuları da təhqir edib, onları təxribata çəkib. Ümumiyyətlə, bu oyunçu dəfələrlə belə şeylər edib. Region Liqasında da “Mingəçevir” azarkeşlərini təhqir etmişdi. Onun tərbiyəsi yerində deyil. İnsanları təxribata çəkir, davaya səbəb olub. Özü də peşəkar futbolçu olub, tanıyıram da onu. Amma belə şeylər etmək olmaz. Elə mən özüm Yevlaxda PFL rəhbərliyinə M.Teymurov barədə məlumat verdim ki, dəfələrlə belə şeylər edib. Birinci hal deyil. Bütün günah isə baş hakimdədir. Vaxtında ona vərəqəni versəydi, bunlar yaşanmazdı.

Ümumiyyətlə, bu artıq birinci dəfə deyil. Matçın baş hakimi Rövşən Rəcəbov Region Liqasında, 2022-23 mövsümündə I Divizionda çıxış etdiyimiz dönəmdə də bizə qarşı haqsızlıqlar edib. O, “Mingəçevir”ə qarşı qərəzlidir. Yaranan bütün gərginliyin səbəbkarı baş hakimdir. Görüşün ikinci hissəsində oyunçumuz Elvin Əlizadəyə birbaşa “qırmızı” verir. Halbuki epizoda baxsanız, futbolçu rəqibini sadəcə itələyir. Buna uzağı “sarı” verilər. Qısacası, oyundakı dava-dalaşın bütün səbəbkarı, günahkarı baş hakim Rövşən Rəcəbovdur. O, matçı düzgün idarə etsəydi heç nə olmayacaqdı. Bu səbəbdən də AFFA-nın prezidenti Rövnəq Abdullayevə, PFL rəhbəri Elxan Səmədova və Hakimlər Komitəsinin sədri Barış Şimşəyə məktub yazmışıq ki, Rövşən Rəcəbovu bir daha oyunlarımızda görmək istəmirik”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43