Ölkə futbolu

“Kayrat”la matçda bizim bu istəyə ehtiyacımız olacaq” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VII turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

O, 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

– Sona qədər mübarizə apardıq. Həddindən artıq istəkli idik. Komanda çoxdan idi ki, bir yerdə deyildi. Futbolçular əsas formasından bir az uzaq idi. Çoxlu qol imkanımız oldu. Rəqibi də təbrik edirəm, yaxşı mübarizə apardılar. Onlara uğurlar arzu edirəm.

Millidən qayıdan oyunçular matçın sonlarında sanki yorulmuşdular… Maksimi və Abbası dəyişdik. Patriki də əvəzləmək istəyirdim. Ümumi olaraq, bəzi texniki səhvlərimiz oldu. Bəzi dəqiqələrdə oyundan düşdük. Rəqib də çox istəkli idi. Yaxşı əks-hücuma çıxırdılar. 90 dəqiqə eyni tempi saxlamaq çətindi. Maraqlı oyun alındığını düşünürəm.

– Qara Qarayev nə üçün ehtiyatda qaldı?
– Zədəsi yoxdu. Sadəcə, uzaq yoldan gəlib, oynamasına ehtiyac yox idi.

– “Kayrat”la oyun üçün bu matçda nəyisə sınadız?
– Xeyr. Futbolçularım çox istəkli idilər, “Kayrat”la matçda bizim bu istəyə ehtiyacımız olacaq. Rəqibi təhlil etdikdən sonra çalışacağıq ki, düz olanı edək.

– Ramil Şeydayev sadə epizodlarda qol vura bilmir. Problem nədədi?
– Ramil oyuna yaxşı qoşuldu. Ondan çox razı qaldım. Son vuruşlarında dəqiqlik çatmadı. Əlbəttə, epizodlarda daha dəqiq olsa, yaxşı da alınar. Ramilə deyəcək bir söz yoxdu. Oyuna həddindən artıq yaxşı qoşuldu. İnanıram ki, o, bu komandada olduğu müddətdə yaxşılığa doğru gedəcək. Özü də çox məsuliyyətlidir. Daha çox məşq edir, çalışır. Belə oyunçulara hər zaman ehtiyac var. Çatışmayan cəhətlərini də yaxşılaşdıracaq.

– Çempionatda ilk dövrəni məğlubiyyətsiz başa vurduz. Ümumilikdə, 15 oyundur uduzmursuz. Narahatedici məqam var?
– Xeyr. Bacarırıqsa, tələblərimiz daha çoxalır. Çalışacağıq ki, bu statistikanı qoruyub saxlayaq. Rəqiblər bizə qarşı daha ciddi hazırlaşır. Meydanda bizim düşünmədiyimiz variantlara əl atırlar ki, bizi məğlub etsinlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43