Sabiq futbol hakimi, “Neftçi” klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanov, AFFA-nın baş katibi Elxan Məmmədovun “CBC Sport”un efirindən səsləndirdiyi fikirlərlə bağlı münasibət bildirib.
İdmanxeber.az xəbər verir ki, Süleymanov, sosial şəbəkə hesabında Məmmədovla olan fotosunu paylaşaraq, bunları yazıb:
“Hələ çox cavan idi… Futbolda heç bir əməyi olmadan, kimlərinsə istəyi, təkidi ilə hazırın naziri olmuşdular. Azərbaycan futbolunda yeni dönəm başlayırdı. “Peraşki” dövrü geridə qalmışdı…
Dövlət proqramı qəbul edildi, imkanlı sponsorların futbola cəlb edilməsi ilə yeni klublar yaradıldı, müasir stadionlar, bazalar inşa edilməyə başlandı. Ölkə futboluna vəsait sel kimi axırdı. Qalırdı futbol sistemini, idarəçiliyi nizamlamaq, yeni mərhələyə qədəm qoymaq, inkişafı təmin etmək…
Vaxt var idi, tez-tez qonaq gələrdi. Futbolu düşünənlərin məsləhətlərinə qulaq asılsaydı, ölkə futbolu indi fərqli səviyyədə olardı. Niyyətlər, məqsədlər başqa idi. Diletant futbol təfəkkürü ilə top çiləyə-çiləyə gələcək düşünülürdü. Öz gələcəkləri…
10-15 il tez keçdi. Futbolu kiçildə-kiçildə özləri “böyüdülər”. Dövlətin ayırdığı xalqın pulları ilə AFFA-nı şəxsi şirkətə çevirdilər. Futboldakı “baş üstə”lərlə futboldan anlayışı olmayan qohum, dost, tanışların gəlir mənbəyinə çevrildi Azərbaycan futbolu.
Təki ekran qarşısına bu şəkildə çıxılmayaydı, 5-10 faiz inananların da ümidləri qırılmış oldu.
Xalqı aldatmaq mümkün deyil. Futbol göz önündə, yaşıl meydanlarda oynanılır…
Bunu kimlərsə təşkil etmədi, özləri etmişdi. Deyə də bilməzlər ki, rəhbərlik etdikləri qurumda xalqın “istefa yağışı” bilərəkdən, məqsədli edilmişdi. Bu, artıq futbol ictimaiyyətinin, azarkeşlərin oyanması, səsi, bumeranq dalğasıdır…
Çox “böyüyüblər”. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndən 10-15 ildə yazılan “futbol əsəri” füsunkar görünür. Stadionlarda, tribunalarda, yaşıl meydanlarda isə tam başqa mənzərədir…
“Təkbətək”də Elxan Məmmədovun səsləndirdiyi cavablara 2-3 gündür münasibət bildirilir. Futbol adına fikirlər ayrı-ayrılıqda daha geniş təhlil olunmalıdır”.