“Komandamızda hər şey qaydasındadır. Məşqlərdə plan üzrə işləyir, verilən tapşırıqları yerinə yetirməyə çalışırıq”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Rəhimov klubun saytına deyib.
O, komandanın hazırlıq prosesi haqda bunları bildirib:
“Bildiyiniz kimi, təlim-məşq toplanışının ilk mərhələsində Yevlaxda fiziki yöndə hazırlıq keçdik. O dövrdə çox yorğunluq vardı. Yavaş-yavaş özümüzə gəlirik. Bakıda isə əsasən yoxlama oyunları keçirib, toplu məşqlərə üstünlük verdik. Məncə, indi keçdiyimiz məşqlərlə çatışmayan cəhətlərimizin üzərində işləməklə çempionata tam hazır vəziyyətə gələcəyik”.
Ş.Rəhimov onları uzun marafonun ikinci hissəsi gözlədiyini vurğulayıb:
“Əvvəlcədən nəsə demək düzgün olmaz. Amma söyləməliyəm ki, Yevlaxdakı məşqlərin bizə çox köməyi olacaq. Fiziki cəhətdən komanda yaxşıdır. Bakıda isə oyun sistemini təkmilləşdirməyə, daha da yaxşılaşdırmağa çalışırıq. Ümid edirəm ki, komandamız baxımlı futbol sərgiləyib, inamla mübarizə aparacaq və bunun sayəsində uğur qazanacaq”.