“Kəpəz”in yarımmüdafiəçisi Kərim Diniyevin İdmanxeber.com saytına müsahibəsi.
– Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində evdə “Səbail”lə 2:3 hesablı məğlubiyyətə necə şərh verərdin?
– Çox pis başladıq. Lazımsız vəziyyətdə penaltiyə səbəb olduq, ardınca qırmızı vərəqə. Bir təhər toparlandıq, hesabı bərabərləşdirdik. Amma bacarmadıq. İkinci hissədə “Səbail”in vurduğu qola cavab verə bilmədik.
– Bu cür məğlubiyyəti gözləyirdiniz?
– Xeyr. Məqsədimiz 3 xal qazanmaq idi. Çünki qalib gəlməklə turnir cədvəlindəki mövqeyimizi bir qədər yaxşılaşdıracaqdıq. 6-cı pilləyə yüksəlmək, “Səbail” və “Keşlə”ni arxada qoymaq şansını əlimizdən buraxdıq.
– Şahin Diniyevin istefası sənə necə təsir etdi?
– Əlbəttə ki, pis təsir etdi. Xahiş edirəm, bu barədə danışmayaq. Atamın işi ilə bağlı danışmaq istəmirəm.
– Səni komandaya gətirən Şahin Diniyevin gedişindən sonra aqibətin necə olacaq?
– Mənim “Kəpəz”lə müqaviləm var və mən “Kəpəz”in futbolçusuyam. Bu məhlə futbolu deyil, “destski” oyun deyil, mən peşəkaram. Üstəlik yeni baş məşqçi ilə söhbətimiz olmayıb.
– Ardıcıl məğlubiyyətlər davam edir. Rəhbərlik sizdən hesabat tələb edir?
– Sözün düzü, hələlik rəhbərliklə danışığımız olmayıb. Çünki özünüz bilirsiz ki, komandanın daxilində məlum problemlər var. Ancaq özümüz çox yaxşı dərk edirik ki, belə olmaz.
– Adətən klub pis vəziyyətdə olanda futbolçular komandalarını dəyişməyə üstünlük verirlər. Sən necə bu barədə bir şey fikirləşmisən?
– Xeyr. “Kəpəz” mənim üçün doğmadı. 3 ildə burda oynayıram və bu komanda mənə əziz gəlir. Təbii ki, gələcəyin işini bilmək olmaz. Ancaq komandanı ağır günündə qoyub getmək, futbolçuya yox, heç kişiliyə yaraşmaz. “Kəpəz”i bu vəziyyətə salan biz futbolçularıq, özümüz də çıxaracağıq.
– Yeni baş məşqçiniz rəsmən açıqlandı. Bu Yunis Hüseynovdu…
– Uğurlar, arzu edirəm. Azərbaycanın sayılıb, seçilən məşqçilərindədi. İnşallah, əl-ələ verib, “Kəpəz”i bu çətin vəziyyətdən çıxararıq.
– Hüseynovun gəlişindən sonra əsas heyətə düşmək kimi çətinliklə üzləşəcəyini düşünmürsən?
– Yox, niyə elə düşünüm ki? Biz peşəkarıq. Şahin Diniyevin yerinə başqası gəlməli idi da, onsuz da. Elə deyil ki, komanda baş məşqçiisiz qalsın.