Ötən ay “Keşlə”dən ayrılıb, ölkəsinin “Novbahar” klubuna keçən özbəkistanlı Bahodir Nəsimov müsahibə verib.
Sportal.az xəbər verir ki, o, müqaviləsinin bitməməsinə baxmayaraq, Bakı klubunu tərk etməsini belə izah edib:
“Ayrılmağımın səbəbi oynamamağım idi, bütün vaxtımı ehtiyatda keçirirdim. Son matçlarda isə ümumiyyətlə oynamadım. Baş məşqçi (Tərlan Əhmədovu nəzərdə tutur – red.) məni görməzdən gəlirdi. Klub rəhbərliyi ilə görüşəndə getmək istədiyimi bildirdim və ayrıldım”.
Təcrübəli hücumçu “Keşlə”də klub rəhbərliyinin baş məşqçinin işinə qarışdığını, hətta start heyətinin klub prezidenti tərəfindən müəyyənləşdirdiyini söyləyib:
“Son 6 ayda komandada 3 dəfə baş məşqçi dəyişikliyi oldu. Klubda ən böyük problem rəhbərliyin baş məşqçinin işinə müdaxilələridi. Hətta start heyətini də klub prezidenti (Zaur Axundovu nəzərdə tutur – red.) müəyyənləşdirirdi. Oyunun sonuna 5-10 dəqiqə qalmış meydana çıxırdım, ən çox bir hissə oynamağıma imkan yaradırdılar. Axırda dözmədim, müqaviləyə xitam verdik”.