05 Dekabr 2024
Ölkə futbolu

Keyfiyyətə ehtiyac var

Legioner limitinin ləğv edilməsi azərbaycanlı futbolçuların məhv olması demək deyil. Məsələnin cu cür anlaşılmasının özü anlaşılmazdır. Mütəxəssislər ayrı vaxtı aşağı yaş qruplarında, Premyer Liqada rəqabətsizlikdən şikayətlənir. Amma mövzu limit olanda bu barədə danışılmır.

Legioner limitinin ləğv edilməsi yerli futbolçuların inkişaf etməsi, səviyyələrinin yüksəlməsi üçün son şansdır. Yəni qısa vaxtda ancaq bu sistemi yoxlayıb, nəsə gözləmək olar.

Onsuzda Azərbaycana gələn legionerlər bəlli səviyyədə olurlar. Əgər yerli futbolçularımız onlarla da rəqabətə girib forma qazana bilmirsə, saylarının çox olması nəyə lazımdır?

Biz sayı yox, səviyyəsi yüksək azərbaycanlı futbolçu axtarırıq.

Bəli, legioner limitinin ləğv edilməsi bir neçə azərbaycanlı futbolçunu sıradan çıxaracaq. Hansılar ki, heç vaxt ölkə xaricinə çıxa bilməyəcək, milliyə belə dəvət almayacaq oyunçular. Əvəzində isə istedadlı, potensiallı onlarca futbolçumuzu inkişaf etdirəcək. 

Həmişə neçə-neçə potensiallı, istedadlı uşaqların məhv olmasından şikayətlənmişik. Səbəblərindən biri də elə bu rəqabətsizlik, yerlərinin möhkəm olması olub.

Bu gün baş məşqçilər yerli futbolçu qıtlığından şikayətlənir. Təbii ki, söhbət oynaya bilən, səviyyəli azərbaycanlı futbolçudan gedir. Çünki rəqabətə girilmir, inkişaf da yoxdur.

Əgər biz hələ də Azərbaycan çempionatında belə oynatmağa yerli futbolçu tapa bilmiriksə, limit nə işə yarayır? Fayda vermədiyi ortadadırsa, faydasızlığa israrcı olmağı da kənara qoyaq.

Və yavaş-yavaş limitsizliyə doğru addımlayaq.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43