“Oyuna çox zəif başladıq. Müdafiədən çıxa bilmirdik. Çatışmayan cəhətlərimiz var idi”.
İdmanxeber.az saytının məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Elşad Əhmədov deyib.
Paytaxt təmsilçisi Topaz Premyer Liqasının XIV turunda öz meydanında “Keşlə”yə məğlub olub.
Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: “Rəqib boşluqlarımızdan istifadə edib qollarını vurdu. İkinci hissədə yaxşı oynasaq da, xal qazanmağa vaxtımız çatmadı. “Keşlə”ni təbrik edirəm”.
– Marko Deviçin olmaması planlarınız pozdu?
– Deviç olmayanda Cavidi hücumçu kimi oynadırıq. Onun yoxluğu bizim planlarımızı pozdu.
– Son nöqtəni qoymaqda çətinlik çəkirsiniz. Bunun səbəbi nədir?
– Bizim əsas hücumçumuz Marko Deviç zədəli idi. Cavan futbolçulara şans veririk, Türal Qürbətov şanslardan istifadə edə bilmir. Birinci hissədə qol vursaydıq, ikinci hissədə qələbə üçün oynaya bilərdik.
– Qış fasiləsində komandadan gedəcək futbolçuları müəyyənləşdirmisiniz?
– Kimlərin gedəcəyini müəyyənləşdirmişik. Hücum xəttində problemlərimiz var. Mövsümün əvvəlində heç kim “Sabah”a gəlmək istəmirdi. Heyətdə dəyişikliklə edəcəyik .