Layihə

Klub kimi formalaşa bilməyən komanda kimi komanda – “Karvan”!

İndi-indi klublarımız avrokuboklarda tarix yazır. Kimisi ən azından bir neçə tur adlayır, kimisi qrup mərhələsinə vəsiqə qazanır. İllər öncə bir mərhələ adlamaq Azərbaycan futbolu adına böyük uğur sayılardı. Hansı ki, ölkə futbol tarixində Yevlaxın “Karvan” klubu belə bir nəticəyə imza atmışdı. Bəli, Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Azəbaycan futbol tarixinə adını qızıl hərflərlə yazdırdı.

UEFA macərası

2004-cü ildə təssis edilmiş “Karvan” futbol klubu yarandığı ildəcə XIII Azərbaycan çempionatında 3-cü yer tutaraq UEFA İntertoto kubokunda mübarizə hüququ əldə etdi. Lakin “Karvan”ın İntertoto kubokundakı çıxışının ölkə futbol reytinqiə heç bir təsir göstərməyəcəyini nəzərə alan klub bu yarışa ikinci heyətlə qoşuldu. Püşk “Karvan”a Polşa “Lex”ini rəqib etdi. İki oyunun cəmində komandamız polyaklara 1:4 (1:2, 0:2) uduzdu. Yuri Muzika “Karvan”ın avrokuboklarda ilk qolunu vuran futbolçu oldu.

XIV Azərbaycan çempionatında 2-ci yeri tutan “Karvan” UEFA kubokunda təmsil etdi. Məhz həmin mövsüm “Karvan” tarix yazdı. Yunis Hüseynovun yetirmələri Slovakiyanın “Spartak” klubunu həm edvə, həm də Trnavada 1:0 hesabı ilə məğlub edərək ilk dəfə mərhələ adlayan komanda oldu. Beləliklə, “Karvan” Azərbaycan futbol tarixində yeni bir səhifə açdı.

Bundan sonrakı mərhələdə isə Çexiya “Slaviya”sı keçilməz oldu – 0:0, 0:2.

Tribuna Yevlaxda daha gözəl idi


“Karvan”ın ev oyunlarını ən azı 3-4 min tamaşaçı izləyirdi. Komandanın avrokuboklardakı nəticəsi, daxili arenadakı ardıcıl qələbələri yevlaxlı fanatları stadiona gəlməyə vadar edirdi. Yakuba Bamba, Fərrux İsmayılov, Yuri Muzika, Kamara, Bəşir Müqədi və bu kimi digər futbolçuların yüksək performansı “Karvan”ın məğlubedilməz komanda kimi formalaşmasında böyük payı olmuşdu.

Elə həmin ildəcə  sol cinahda Azərbaycanda çıxış edən ən səviyyəli legionerlərdən biri – müdafiəçi Pape Samba Ba Polşa “Lex”inə transfer olundu.

Zamanla “parçalanan” “Karvan”

UEFA kubokundakı uğurlu çıxışından sonra “Karvan”ın “qara günləri” başladı. Komanda tarixi uğurdan sonra heç cür toparlana bilmədi. Maliyyə problemləri yaşayan Yevlax təmsilçisi ardıcıl 8 mövsüm müvafiq olaraq Premyer Liqadan diviziona doğru addımlamağa başladı. Və 2014-cü il Yevlaxda “Karvan” adlı komandanın izi-tozu qalmadı.

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev o vaxt “Karvan”ın əsas fiqurlarındna idi.

Sözügedən klubun mətbuat katibi kimi çalışan Şahgəldiyev “Karvan”lı günləri belə xatırlayır:

“2004-cü ilin yayında hərbi xidməti başa vurduqdan sonra iş təklifi gəldi. Açığı futbol sahəsində çalışacağımı heç düşünməmişdim. Addım-addım komandanı qurmağa başladıq, infrastruktura diqqət ayırdıq. İlk mövsümdəcə İntertoto kubokuna vəsiqə qazandıq. Bir zamanlar ekranlarda gördüyümüz, stadionda məşqlərini izlədiyim futbolçularla indi bir yerde çalışırdıq. Futbol klubunda çalışmaq çətin olduğu qədər də maraqlıdır. Hər mövsümün əvvəlində qarşıya məqsədlər qoyulur və bu məqsədlərə çatmağa çalışırsan. Ən yaddaqalan isə ikinci mövsümümüz oldu. Həm yerli, həm də xarici futbolçulardan qurulmuş yaxşı komandamız var idi. Təəssüf ki, “qızıl dubl” etmək şansını son anda qaçırdıq. Həm çempion ola bilmədik, həm də kubokun finalında məğlub olduq. Buna baxmayaraq, ölkə futbolunun tarixində qızıl hərflərlə yazdığımız səhifə ilə həmişə fəxr edirəm. UEFA kubokunda (indiki Avroliqa) mərhələ adlayan ilk klub olduq. Həmin ərəfədə kollektivimiz bir yumruq kimi çalışdı. Elə anlar oldu ki, 24 saat gecə-gündüz bilmədən işlədik. Düşünürəm ki, Slovakiyada tarixi zəfəri qeyd etdiyimiz o an üçün bütün bu fədakarlıqlar dəyərdi. Daha sonra çox fərqli mövsümlər yaşadıq. 8+3 legioner limiti elə bir şərait yaratmışdı ki, komandamız Avropada bir heyətlə, daxili çempionatda isə tamam başqa heyətlə çıxış edirdi. Klubda çalışdığımız dövr ərzində həm özümüzü təkmilləşdirdik, həm də futbolumuza yeniliklər gətirdiyimizə inanıram. Təbii ki, klubun aşağı dəstəyə düşməsi məni də çox üzdü. Amma “Karvan”da işlədiyim müddətdəki ab-hava, kollektiv üzvləri arasındakı xoş münasibəti indi də saxlayırıq. Mütəmadi olaraq eks-Karvan`lılarla görüşüb, söhbət edirik, bir çox futbolçularımızla sosial şəbəkələr üzərindən yazışırıq”.

Yenə maliyyə, yenə səhv strategiya


Digər klublar kimi “Karvan”ın da dağılmasında maliyyə böyük rol oynadı. Maddi sıxıntılar içərisində var-gəl edən komanda çox tab gətirə bilmədi. Diqqətsizlik “Karvan”I qaranlıq zülmətə apardı.

Şahgəldiyev komandanın dağılması səbəbləri haqda danışarkən klub kimi formalaşa bilmədiklərini də etiraf edib:

“Klubun fəaliyyətinin dayanmasında əsas səbəb kimi maliyyəni göstərə bilərəm. Sirr deyil ki, həmin zamanlar “Karvan” klubunun sponsorları futbola heç də az pul yatırmadı. Amma bir çox hallarda olduğu kimi düzgün inkişaf strategiyası seçmədik, imkanlarımızı və iddialarımızı tarazlaya bilmədik deyərdim. Zaman keçdikcə geriyə boylananda bir çox klublarımızda olan səhvlər aydın görünür. Komanda yaradıq, amma klub kimi formalaşa bilmədik. Təkcə “Karvan” yox digər komandaların da dağılmasının və ya zəyifləməsinin əsas səbəbi hamının çempion olmaq arzusu idi. Bünövrə qoyulmadan bina tikilirdi, bunun da sonu yaxşı olmayacaqdı. 5-10 ilin büdcəsi 1 ilə xərclənirdi, gələcəyə yatırımlar olmurdu. Klubun gözəl bazası var idi, stadiona yaxın olması futbolçuların məşqə həvəsini də artırırdı. Əsas meydançanın ot örtüyünü ideal vəziyyətə gətirmək üçün Kiyev “Dinamo”sunun mütəxəssisini dəvət etmişdik. Səhv etmirəmsə, hal-hazırda Yevlaxdakı bazadan “Kəpəz” klubu da istifadə edir. Daimi infrastrukturdan istifadə olunmaması təsirsiz ötüşməz yəqin ki. Klub bir gün yenidən fəaliyyətini bərpa edərsə, buna ancaq sevinərəm. Çünki, “Karvan”  tək Yevlaxın deyil, ətraf rayonların da bir simvoluna çevrilmişdi.”

Ümumiyyətlə Azərbaycan futbolunda kluba sərmayə qoyan sponsor oradan heç bir dividend qazanmır. Avropada isə bunun tam əksidir. Bugünkü günü klublarımız da məhz bu cür səhv yoldadılar. Zatən bizim komandaların onlara sponsorluq edən şirkətə heç bir xeyri yoxdu.. Yəni xaricəki kimi bizim klubların ona sponsorluq edən şirkətə, imkanlı şəxsə xeyir verə bilmir. Ancaq dünyada klubların düzgün marketinq işi onların daha da güclü, davamlı olmasına səbəb olub. Bu gün dünyada futbol marketinqi Marketinq sektoru içərisində özünə böyük pay tutduğu, klublar futboldan milyardlar qazandığı, şirkətlər futbol marketinqindən istifadə edərək öz brendlərini möhkəmləndirib, liderliklərini qoruduğu halda Azərbaycanda futbol Marketinqi hələ tam formalaşmamışdır. Misal üçün “Karvan” kimi ölkə futboluna iz qoymuş komandalar vaxtında marketinq işini düzgün  qursa, inkişaf etdirsəydi hazırda bölgə klubu fəaliyyətini davam etdirə bilərdi. Hər halda böyük pulların xərclənməsi və  xərclərin müsbət dəyişikliyə səbəb olmaması klubun himayədarını bu sektordan uzaqlaşdıran başlıca amillərdəndi.. Nəticə də göz önündə.

Səxavət QURBANOV

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43