İdman Müsahibə Ölkə futbolu

Klub rəhbəri konkret danışdı: “Uşaqları belə insanlardan qorumağa qərar verdik” (MÜSAHİBƏ)

Başa çatan mövsümdə Azərbaycan II Liqasında çıxış edən, lakin reqlamentə əsasən yeni mövsümdən Region Liqasında mübarizə aparmalı olan “Şəfa” klubunun prezidenti Sərdar Salmanzadə İdmanxeber.az-a müsahibə verib.

Paytaxt təmsilçisinin rəhbəri klubun strategiyasından, qarşıya qoyulan hədəflərdən söz açıb:

 –  Siz “Şəfa”nı aldıqdan sonra klub ətrafında müxtəlif iddialar yarandı. Hər kəs əvvəlki “Şəfa”nın böyük futbola qayıdışından danışmağa başladı. Necə oldu ki, bu kluba himayədarlıq etmək qərarına gəldiniz?

Mən bir müddət bu klubda çıxış etmişəm. “Şəfa”da oynayarkən uşaq idim, o zaman bu komandada Tərlan Əhmədov, Elmar Baxşıyev kimi futbolçular çıxış edirdi. Yeniyetmə yaşına qədər həyatım “Şəfa” stadionunda keçib. Eşitdim ki, klub Azərbaycan II Liqasında çıxış edir. Komandanın rəhbəri Cavid Nəzərov bizə yaxın adamdı. Daha sonra eşitdim ki, Cavid bəy klubu satır. Biz də qohumum “MY GROUP” MMC-nin rəhbəri ilə danışdıq. Belə məsləhət oldu ki, klubu götürüb dirçəldək. Azərbaycan futboluna öz töhfəmizi vermək istəyirik. Qoy insanlar bilsinlərki akademiyalarda vəziyyət acınacaqlıdır. Buradan futbolçu yetişməsi, milliyə dəvət alması mümkünsüzə bərabər idi. Akademiyadakı müəllimlər yalnız öz mənafelərini güdürdü. Bu işdən məşğul olan insanlar yalnız pulu düşündükləri üçün nəticə yox idi. Biz də uşaqları belə insanlardan qorumağa qərar verdik. Niyyətimiz bəllidi. Komandaya elə insanlar cəlb edilib ki, onlar yalnız milli barədə düşünürlər. Məqsədimiz yalnız maddiyyət deyil. İstəyirik futbolçu yetişdirək, milliyə uşaq verək.

–  Bizdə olan məlumata görə, klubu alarkən yüz minə yaxın pul xərcləmisiniz. “Şəfa”nı satın alarkən hər hansı bir problemlər yaşadınız?

Bizim şirkət ölkədə yaxşı tərəfdən tanınır. Biz klubu alarkən, hansı problemlərin olduğunu bilirdik. Rəqəmlərdən xəbərimiz var idi. Proses başa çatdıqdan sonra “MY GROUP” “Şəfa” klubunu holdinqin nəzninə keçirdi.

Bu xəbər mediada yayıldıqdan sonra sizi qınayanlar da oldu. Niyə məhz Bakı klubu seçdiyiniz üçün. Ümumiyyətlə, bölgə klublarına marağınız oldumu və ya “Şəfa”nı bölgələrin birinə köçürməyi düşündünüzmü?

Elə bir variantımız yox idi. Məsələn, Göyçayda və ya İsmayıllıda doğulsaydım, məni ora nəsə darta bilərdi. Lakin mən bakılıyam, bu şəhərdə dünyaya gəlmişəm. Bu, hissiyata bağla məsələdi. “Şəfa”nı bu vəziyyətdə görmək mənə ağır gəldi. Onun akademiyasında oynamış bir insan kimi deyirəm bunları. Bizə hər hansı bir bölgə komandasını götürməyi və ya “Şəfa”nın əyalətlərdən birini təmsil etməsi təklif olundu. Ancaq bu bizim planlarımıza daxil deyil. İstəyirik ki, “Şəfa”nın əvvəlki nüfuzunu bərpa edək. Premyer Liqada oynayaq və ölkəmizi avrokuboklarda təmsil edək. Biz akademiyalar açmışıq. Bu, bölgələrdə həmin effekti verməz. Bizim sakutlarımız var, əlavə də olacaq. Cənub, Şimal bölgərinə skautları göndərəcəyik. Oradakı istedadlı uşaqları akademiyamıza cəlb etmək istəyirik. Konkret olaraq söhbət Quba, Qusar, Xaçmaz, Qax, Tovuz və Qazax rayonlarından gedir.

Siz komandanı götürəndə “Şəfa” artıq Region Liqasına doğru yuvarlanmaq üzrəydi. Sonra isə komanda pley-off matçında uduzdu və II Liqa ilə vidalaşdı. Əsasnaməyə əsasən, yeni mövsümdən Region Liqasında çıxış etməlisiniz. Komandanın Region Liqasına düşməsi “MY Group”un klubla bağlı planlarına təsir edəcəkmi?

Xeyr, heç biri təsiri olmayacaq. Düzdü, yaxşı olardı ki, II Liqada çıxış edək. Amma bildiyimiz qədəri ilə çempionatdakı bəzi komandalarda maliyyə sıxıntıları var. Əgər bu səbəbdən bölgə və ya paytaxt klubları II Liqada mübarizə apara bilmirsə, növbədə bizik. Orada hər hansı bir komanda çıxış edə bilmirsə, bizim üçün şans yaranır. İstəmərik ki, bizə xüsusi imtiyaz olunsun. Bizim məqsədlərimiz bəllidi. Hədəflərimizə çatmaq üçün maddi və mənəvi cəhətdən buna hazırıq. 

– AFFA rəhbərliyi ilə hər hansı bir görüşünüz olubmu? Olubsa hansı mövzuları müzakirə etmisiniz?

AFFA ilə görüşümüz olub. Konkret olaraq Sərxan Hacıyevlə, PFL-in prezidenti Elxan Səmədovla görüşümüz olub. Onlar bizim problemləri dinləyib və nə köməklik lazım olsa etməyə hazır olduqlarını bildiriblər. Biz də hazırda onların yekun qərarını gözləyirik. Ola bilər ki, komanda sayı artımı ilə və ya hansısa klubun imtinası ilə şans yaransın. Biz də bu şansdan istifadə edib İİ liqada mübarizəmizi davam etdirəcəyik. Biz klubu götürərkən futbolçu transfer etmək şansımız yox idi. Artıq çempionatın sonları idi və limiti doldurmuşduq. Əgər yeni oyunçu gətirmək imkanımız olsaydı, böyük ehtimal pley-off matçı oynamağa məcbur qalmayacağdıq.

Bizdə olan məlumata görə, FİF rəhbəri Tural Piriyev sizin şirkətin Premyer Liqa və ya I liqa komandalarından birinə sponsor kimi cəlb etmək istəyirdi. 

Tural bəylə görüşmüşük. Çox böyük işlər görürlər. FİF Azərbaycan futboluna lazımı qurumlardan biridi. Sırf mənə hansısa Premyer Liqa klubu himayəyəmizə götürülməsi təklif olunmayıb. Amma ola bilər “MY Group” MMC-yə belə bir təklif göndəriblər. Bu barədə mənim məlumatım yoxdu.

Komandanın yeni mövsümdən iştirak edəcəyi liqadan asılı olmayaraq, hədəfləri nə olacaq?

Hansı çempionatda oynayacağımızdan asılı olmayaraq, hədəfimiz yüksək yerlərdi, çempionluqdu.

– “Şəfa”nı himayənizə götürdükdən sonra yeni sponsorların komandaya cəlb edilməsi yönündə hər hansı bir addım atacaqsınız?

Xeyr. İndiki mərhələdə buna ehtiyac görülmür. “MY Group” holdinqin nəznində 18-19 şirkət var. Buna görə də hazırda buna ehtiyac duymuruq. Ancaq Premyer Liqaya gəlsək, biz “Şəfa”nı yalnız futbol klubu kimi yox, həm də marketinq yönündə inkifaş etdirmək istəyirik. Yaxın iki il ərzində öz stadionumuzu tikmək niyyətimiz var. İstəyirik ki, öz bazamız olsun. Avropa standartlarına uyğun klub formalaşdırmaq arzusundayıq. 

– Yeni stadionu Bakıda hansı ərazidə tikmək fikriniz var?

Bu istiqamətdə danışıqlarımız gedir. Yer axtarışlarımız davam edir. Ümid edirəm ki, ən qısa vaxtda məsələ öz həllini tapacaq.

Səxavət Qurbanov

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43